Parlamentin komitə sədri: “Təyyarə biletlərinin baha olması turistlərin gəlişinə maneədir”

Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

© APA | Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

# 14 dekabr 2021 12:10 (UTC +04:00)

“Ölkəmizdə indiyədək turizm sahəsinə 2 milyard dollardan artıq vəsait qoyulub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M. Quliyev bildirib ki, əldə edilən nailiyyətlərlə yanaşı, turizm sektorunun davamlı inkişafını ləngidən bəzi problemlər də var: “Son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafına maneə olaraq qalmaqdadır. Azərbaycana yalnız 10 ölkədən xarici vətəndaş vizasız gələ bildiyi halda, Gürcüstana 100-ə yaxın, Özbəkistana 80-dən çox, Qazaxıstana 70-dən çox, Türkiyəyə isə 90-dan çox ölkədən əcnəbilər vizasız gələ bilərlər. Digər tərəfdən, sərfəli olmayan bazar şərtləri də var. Təyyarə biletlərinin baha olması da turistlərin gəlişinə maneədir. Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır. Eyni zamanda, Azərbaycanda beynəlxalq statuslu regional hava limanları mövcud olsa da, birbaşa hava əlaqələrinin qurulmasında onlardan səmərəli istifadə edilmir. Üçüncü səbəb quru sərhəd-keçid infrastrukturunun turistlər üçün əlverişli olmamasıdır. Turist məmnunluğunun yaxşılaşdırılması, qonşu ölkələrdən gələn turist sayının artırılması məqsədilə quru sərhəd-keçid məntəqələrində viza verilməsi işinin təşkilinə, gözləmə rejiminin azaldılmasına, infrastrukturun təkmilləşdirilməsinə, keçid prosedurların optimallaşdırılmasına, habelə əlavə resursların (insan, texniki və maddi resursların) cəlb olunmasına ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR