Tofiq Zülfüqarov: “Azərbaycan Brüssel görüşündə iki vacib nəticəyə nail oldu” - MÜSAHİBƏ

Tofiq Zülfüqarov

© APA | Tofiq Zülfüqarov

# 15 dekabr 2021 14:55 (UTC +04:00)

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun APA-ya müsahibəsi

- Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən görüşünün nəticələrini necə qiymətləndirmək olar?

- Brüssel görüşü hazırda Qərbin müxtəlif qurumlarının postkonflikt proseslərində hansı şəkildə iştirak etmək istədiyini daha aydın göstərdi. Avropa İttifaqı böyük maliyyə imkanlarına malikdir və görüşdə belə aydın oldu ki, Azərbaycan və Ermənistan Avropa İttifaqının postkonflikt dövründə yardımlarla bağlı fəal olmasını və bu yardımın böyük olmasını istəyir. İkincisi, təbii ki, Avropa İttifaqı danışıqlar formatı deyil, bu təşkilatın xüsusiyyətinə uyğun olaraq hansısa mövzular müzakirə olunur.

- Görüşlə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı da nəzərə alınsa, gözlənilən maliyyə yardımları nə dərəcədə realdır?

- Bunun çox real olduğunu düşünürəm. Bir il ərzində biz Avropa İttifaqı, digər Avropa qurumları, ümumiyyətlə, Qərbdən belə bəyanatlar, mesajlar gözləyirdik. Ancaq indiyə qədər aktiv mövqe görməmişdik. Əgər sülhdən danışılırsa, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün də hansısa layihələr olmalıdır. Bu baxımdan bu görüş də əslində bir çağırış oldu ki, gəlin, prosesdə iştirak edin. Yoxsa ATƏT-in Minsk Qrupunun gündəmində olmuş məsələlər artıq aktual deyil, təzə status-kvoya uyğun Avropa İttifaqının yardımlar göstərməsi, xüsusən kommunikasiya ilə bağlı səyləri daha da konkret olacaq.

- Cənab Mişelin bəyanatında münaqişədən əziyyət çəkən insanlara, xüsusilə reabilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunub. Bu, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Avropa İttifaqı tərəfindən dəstək veriləcəyi deməkdirmi?

- Mən də bu mesajı bu cür başa düşmək istəyərdim. Çünki müharibədən 1 ildən çox müddət keçib, ancaq biz azad olunmuş ərazilərə insanların qayıdışını təmin etmək üçün xaricdən heç bir yardım görmürük. Məsələn, minaların təmizlənməsi prosesini götürək. Avropanın inkişaf etmiş ölkələrinin yaxşı texnologiyaları, avadanlıqları var, minatəmizləmə prosesinin sürətləndirilməsində iştirak edə bilərlər. Mən Almaniyada olarkən bu ölkənin Xarici İşlər Nazirliyinin bir məsul şəxsi ilə görüşdüm. Görüşdə deyildi ki, Azərbaycan Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiyanın iştirakçısı deyil, ona görə də bizə kömək edə bilmirlər, buna ixtiyarları yoxdur. Amma bu, formallıqdır. Çünki bu bölgədə heç bir ölkə bu Konvensiyanın üzvü deyil. İkincisi, bu, humanitar bir addımdır. Başqa sözlə, onlar bu humanitar prosesdə iştirak etmək istəmirlər. Hesab edirəm ki, Brüssel görüşü bir dönüş yaradacaq.

Məsələn, hazırda tərəflər müzakirə edirlər ki, Zəngəzur dəhlizi necə olacaq, dəhlizdən istifadə hansı şəkildə təmin olunacaq. Amma dəmir yolunun çəkilişi, yolların bərpa olunması maliyyə tələb edən məsələdir. Yaxud insanların azad olunmuş ərazilərə qayıdışını təmin etmək də böyük maliyyə resursu tələb edir. O yerlərdə məktəblər, xəstəxanalar tikmək, yollar çəkmək lazımdır. Səhərdən axşama qədər postkonflikt proseslərində iştirak etmək istədiyinizi deyirsinizsə, amma humanitar yardım etmək niyyətiniz yoxdursa, bəyanatlarınız əsassız olur. Hesab edirəm ki, Brüssel görüşü bu məsələyə müəyyən qədər aydınlıq gətirəcək. Həm Azərbaycanın, həm də yəqin ki, Ermənistanın səyi və iştirakı ilə bu məsələlərdə dönüş yaranacaq. Çünki bölgəyə maliyyə köməyi lazımdır. Hesab edirəm ki, biz bu maliyyə yardımını əldə edəcəyik.

- Brüssel görüşündə Ermənistanın Zəngəzur dəhlizində dəmir yolu xəttinin çəkilişinə razılıq verdiyi bir daha təsdiqini tapdı, avtomobil yolu ilə bağlı isə müzakirələr davam edir. Dəmir yolu xəttinin çəkilməsini nə zamana proqnozlaşdırmaq olar? Reallıqda Avropa İttifaqı bu dəmir yolu xəttinin çəkilişində nə dərəcədə maraqlıdır?

- Avropa İttifaqının bu dəmir yolunun çəkilməsində maraqlı olub-olmadığını maliyyənin ayrılıb-ayrılmayacağı göstərəcək. İkincisi, dəmir yolu qısa müddətdə çəkilə bilər. Təbii ki, dəmir yolunun çəkilməsi ilə bağlı görüləsi iş çoxdur, orada relyef də mürəkkəbdir. Ya Avropa İttifaqının maliyyə yardımı, ya da Azərbaycanın, yaxud Ermənistanın maliyyəsi hesabına bu dəmir yolu onsuz da bərpa olunacaq. Ermənistan da, Azərbaycan da bu dəmir yolunun olmasında maraqlıdır. Bəzən bizdə belə fikir formalaşır ki, Zəngəzur dəhlizi təkcə bizə lazımdır. Ermənistan da Zəngəzur dəhlizi vasitəsi ilə öz mallarını Rusiya bazarlarına çıxaracaq. Digər tərəfdən, bəzən bizdə belə fikirlər səsləndirilir ki, Ermənistan böyük gömrük rüsumları qoyacaq, konkret malların tranzit keçidi üçün alınacaq haqlar böyük olacaq. Ancaq burada sadə bir məntiq var. Ermənistan 40 km yolda Azərbaycana maneələr yaratsa, axı sonra Ermənistanın malları Azərbaycan üzərindən keçəcək, Azərbaycan belə maneələr yaradacaq. Yəni burada iqtisadi maraqlar öz rolunu oynayacaq, bu məsələləri tənzimləyəcək. Təbii ki, Avropa İttifaqının maliyyə dəstəyi bu istiqamətdə işləri sürətləndirəcək.

- Bəs Zəngəzur dəhlizindən dəmir yolu xəttinin çəkilişinə razılaşan Ermənistan nə üçün avtomobil yolu ilə bağlı hələ də müzakirələrin davam etdirilməsinə çalışır?

- Məncə, bu, sadəcə, diplomatik manevrdir. Çünki dəmir yolunun statusu bəllidir. Dəmir yolu sərhədin yaxınlığından keçəcək, dəmir yolu ilə bağlı təbii ki, təhlükəsizlik zolağı olmalıdır. Onlar istəmirlər ki, bu təhlükəsizlik zolağı digər coğrafi xəttə – avtomobil yoluna da aid olsun. Onların əsas narahatlığı isə odur ki, Laçın dəhlizi 5 illik, Zəngəzur dəhlizi isə müddətsizdir. Müharibədə uduzduqları üçün öhdəlik götürdükləri bu məsələni indi həyata keçirmək istəmirlər. Ancaq Zəngəzur dəhlizi kapitulyasiyanın bir şərti idi və Azərbaycan bu öhdəliyin üçtərəfli razılaşmada əksini tapmasına nail ola bilib. İndi Ermənistan bu öhdəlikdən qaçmaq istəyir. Zəngəzur dəhlizi davamlı fəaliyyət göstərən zolaq xarakterli kommunikasiya olacaq. Laçın dəhlizi isə bir müddətdən sonra Azərbaycanın tamamilə nəzarəti altına keçəcək.

- Yeri gəlmişkən, dünən Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan etdi ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük mexanizminin tətbiqində israr etsə, Azərbaycan da Laçın dəhlizində gömrüyün tətbiqində israr edəcək, Azərbaycan hər iki varianta hazırdır...

- Bu, təbii bir bəyanatdır. Azərbaycan onsuz da Laçın dəhlizinə nəzarəti bərpa edəcək. Yenə də deyirəm ki, Laçın dəhlizi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyin müddəti 5 ildən sonra bitir və Ermənistan da bundan qorxur. Bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycanda bəzi tənqidi mövqedən çıxış edənlər deyirdilər ki, Zəngəzur dəhlizi mövzusu nəyə lazımdır, gəlin Qarabağ mövzusunu bitirək və s. İndi Brüssel görüşü bir daha təsdiqlədi ki, hücum taktikası bizə çox güclü arqumentlər verir. Elə bu taktikadan da çıxış edən Prezident İlham Əliyev bəyan edir ki, Zəngəzur dəhlizi ilə bağlı şərtlər irəli sürülsə, Laçın dəhlizini dərhal bağlayacağıq. Biz Zəngəzur dəhlizi, tarixi ədalət, sərhəd məsələsi ilə bağlı hücum taktikasını davam etdirməliyik. Bu, həm taktiki, həm də strateji baxımdan bizim mövqeyimizi daha da gücləndirir.

- Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək vermək istəyir. Brüssel görüşü ilə bağlı yayılan məlumatda qeyd edilib ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlib. Soçi görüşündə isə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı hər iki tərəfin komissiyalar yaratması nəzərdə tutulmuşdu. Ümumiyyətlə, delimtasiya və demarkasiya məsələsi ətrafındakı bu açıqlamaları, atılan addımları necə qiymətləndirirsiniz?

- Həm Rusiyanın, həm Qərbin bu bölgə ilə bağlı konflikt menecmenti strategiyası var. Yəni konfliktdən istifadə edərək öz siyasi maraqlarını təmin etməkdən söhbət gedir. Biz 30 il ərzində bunu görmüşük. İndi onlar hiss edirlər ki, hər halda Qarabağ bölgəsində konflikt artıq həll olunmaqdadır. İkinci konflikt zonası sərhəd zonası, üçüncü isə Zəngəzur dəhlizidir. Avropa İttifaqı bu məsələlərdə də öz iştirakını təmin etmək istəyir. Başa düşürlər ki, delimitasiya və demarkasiya uzunmüddətli prosesdir, bu proses çərçivəsində regionda öz nüfuzunu təmin etmək istəyən hər bir tərəf çalışır ki, ya vasitəçi olsun, ya da hansısa formada mövqeləri yer alsın. Biz də buna hazır olmalıyıq. Çünki başa düşməliyik ki, böyük oyunçular həmişə konfliktin qalmasında maraqlıdır. Bu istiqamətdə də həmin böyük oyunçular tərəfindən taktiki addımlar atılır.

- Soçi və Brüssel görüşündən sonra Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı yekun məqsədinə nə dərəcədə yaxınlaşıb? Ermənistan cəmiyyəti buna nə dərəcədə hazırdır?

- Bəzən bizdə belə təəssürat yaranır ki, sülh müqaviləsinə qol çəkəndən sonra bütün məsələlər həllini tapacaq. Bu, belə deyil. Çünki kənardakı böyük oyunçular və Ermənistan çalışacaq ki, bu konflikt və Azərbaycana təzyiq mexanizmləri qalsın. Bu, ilk növbədə Qarabağa aiddir. Baxın, Ermənistanın Baş naziri bəyan edir ki, ərazi bütövlüyü mövzusu heç də Qarabağa aid deyil. Bu, onu göstərir ki, sülh sazişinin əsas bəndi olan ərazi bütövlüyü və suverenliyi tələbinə qol çəksələr də, praktik siyasətdə buna əməl etməyəcəklər. Ona görə də biz belə hallara hazır olmalıyıq. Postkonflikt mərhələsi heç də birmənalı sülhə aparaq proses deyil. Tarixi perspektivdən baxsaq, görəcəyik ki, hələ də mübarizə davam edəcək. Strateji baxımdan bizə nə lazımdır? Əsas konflikt Qarabağdan sərhədə, ya da Zəngəzura keçsin. O halda biz Qarabağın məsələsinin tam həll olunmasına nail ola bilərik. Sülh sazişi, sülh sənədi hansısa mərhələ ola bilər. Ancaq bu o demək deyil ki, Ermənistanın bizimlə bağlı iddiaları sona çatacaq.

- Ancaq ümumilikdə Brüssel görüşünün nəticələrinin Azərbaycanın maraqlarına uyğun olduğunu söyləmək olarmı?

- Təbii. İlk növbədə gündəmə gələn sərhəd və Zəngəzur mövzusu istər-istəməz Qarabağdan təhlükələri və Ermənistanın bu yöndə məkrli planlarının uğurlu olmasının qarşısını çox böyük miqyasda azaldır. Biz görürük ki, artıq gündəmdə sərhəd və Zəngəzur məsələsidir. Yəni Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir. Bir nəticəni də qeyd etmək olar. Artıq Azərbaycan Avropa İttifaqının reabilitasiya, yenidənqurma proseslərinə maliyyə dəstəyi verəcəyinə nail ola bilib. Bu iki nəticə çox vacibdir və Azərbaycan buna nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR