Serbiyalı məşqçi: “Lənkəranda baş verənlər Azərbaycan futbolu üçün böyük zərərdir”

Serbiyalı məşqçi: “Lənkəranda baş verənlər Azərbaycan futbolu üçün böyük zərərdir”
# 14 fevral 2014 13:41 (UTC +04:00)

Bakı – APA. “Çox çətin qarşılaşma olacaq. Bunu qəbul edib, ciddi hazırlaşırıq. Nəticədə azarkeşlər maraqlı mübarizəyə şahidlik edəcəklər”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XXI turunda “Neftçi” ilə oyun öncəsi fikirlərini açıqlayıb.

O, klubun saytına bildirib ki, sabah baş tutacaq oyunda heç bir komandanı favorit saymaq olmaz: “Hər iki komandanın çox güclü heyəti var. Statistikaya əsasən, daxili çempionatda “Bakı”nın “Neftçi”ni ən böyük hesabla 5:1 və 3:0 yenməsi keçmişdə qaldı, bu günlə yaşamaq lazımdı. “Neftçi”nin bəzi aparıcı futbolçuları bizə qarşı oynamasa da, onlar yenə meydana 11 nəfərlə çıxacaq. Hər biri də “Bakı”ya qarşı daim döyüşməyə hazırdı. Bütün bunlar o demək deyil ki, nədənsə qorxuruq. Əksinə, meydana 3 xal üçün çıxacağıq”.

Hesabat turunda “Xəzər Lənkəran” – “Neftçi” görüşünü izləyən Pantiç duman səbəbindən mübarizəni daha aydın görə bilmədiyini deyib: “Amma orda başverənlər Azərbaycan futbolu üçün böyük zərərdi. Bu gün daxili çempionat tədricən inkişaf edir. Belə hallar isə bu inkişafa xələl gətirir. “Bakı”ya gəlincə, mən elə bir komanda yaratmışam ki, bu, əsl idman kollektividi və bu kimi hallardan qaçırıq. Oyunçularım xoşagəlməz hallara yol verməz. Bura dava-qırğına yox, futbol oynamağa gəlmişik. Azərbaycan elə bir yerdi ki, yeni-yeni istedadlı futbolçular üzə çıxır. Biz məhz onların inkişafına dəstək verməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR