Bu gün IV ixtisas qrupu üzrə qəbul imtahanlarına dair vətəndaşların müraciətlərinə baxılacaq

Bu gün IV ixtisas qrupu üzrə qəbul imtahanlarına dair vətəndaşların müraciətlərinə baxılacaq
# 29 iyul 2013 07:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün apelyasiya komissiyaları fəaliyyət göstərəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiyada da iyulun 28-də keçirilmiş IV ixtisas qrupu üzrə qəbul imtahanında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə bağlı vətəndaşların müraciətinə baxılacaq. Bu proses bir gün davam edəcək. Növbəti qəbul imtahanlarından sonra da TQDK-nın mütəxəssisləri test tapşırıqlarının məzmunu ilə bağlı vətəndaşların müraciətini və suallarını cavablandıracaq.

Test tapşırıqlarının məzmunu ilə bağlı vətəndaşların müraciətlərinə ilk olaraq III ixtisas qrupu üzrə qəbul imtahanlarından sonra iyulun 15-də, I qrup üzrə imtahanlardan sonra iyulun 22-də baxılıb. Avqustun 4-də isə II qrup üzrə vətəndaşların müraciətlərə baxılacaq. Avqustun 12-dən 14-dək isə digər müraciətlər cavablandırılacaq.

Apelyasiya komissiyaları TQDK-ya yalnız göstərilən tarixlərdə edilmiş müraciətlərə baxacaq. Abituriyent apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir. Apelyasiya komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR