Lənkəranda əhalinin dispanserizasiyası məsələsinə həsr olunmuş müşavirə keçirilib - FOTO

Lənkəranda əhalinin dispanserizasiyası məsələsinə həsr olunmuş müşavirə keçirilib  - <span style="color: red;">FOTO
# 13 fevral 2014 17:25 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Fevralın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının dispanserizasiyası məsələsinə həsr olunmuş müşavirə keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı Taleh Qaraşov ölkədə vətəndaşların sağlamlığının qorunması, tibb xidmətinin səviyyəsinin ildən-ilə yaxşılaşması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görüldüyünü, bununla bağlı bir sıra mühüm sərəncam və fərmanların imzalandığını qeyd edib.

Bildirilib ki, Lənkəranda regional Müalicə-Diaqnostika Mərkəzi (MDM), ötən il əsaslı şəkildə yenidən qurulan Mərkəzi Rayon Xəstəxanası (MRX) və onun poliklinika şöbəsi və digər növ ixtisaslaşdırılmış şəfa ocaqları əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərir. Bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi – dispanserizasiyanın keçirilməsi isə dövlət başçısının respublika əhalisinə, onların sağlamlığına göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Bu məqsədlə fevralın 17-dən etibarən Lənkəran rayonunda əhalinin dispanserizasiyasına başlanacaq və 18 yaşdan yuxarı bütün vətəndaşlar pulsuz tibbi müayinəyə cəlb ediləcəklər.

Lənkəran ŞİH başçısının müvafiq sərəncamı ilə komissiya yaradılıb. Komissiyanın sədri, ŞİH-nin birinci müavini İlqar Dadaşov komissiyanın tərkibi ilə müşavirə iştirakçılarını tanış edib.

Daha sonra MRX-nın baş həkimi Ağabala Kəlbiyev çıxış edərək respublika əhalisinə göstərilən bu yüksək dövlət qayğısından vətəndaşların maksimum yararlanmasının vacibliyini diqqətə çatdırmaqla, təsdiq olunmuş iş qrafiki barədə məlumat verib. Onun sözlərinə görə, dispanserizasiyaya MRX-nın və MDM-nin həkim briqadaları cəlb ediliblər. Fevralın 17-dən bu iki səhiyyə müəssisəsində idarə, müəssisə və təşkilatların bütün əməkdaşları, o cümlədən rayonun qəsəbə və kəndlərinin sakinləri yerlərdəki tibb məntəqələrində həkim briqadaları tərəfindən tibbi müayinədən keçiriləcəklər.

Müşavirəni yekunlaşdıran ŞİH-nin başçısı Taleh Qaraşov dispanserizasiyanı yüksək səviyyədə təşkil etmək üçün aidiyyatı qurumlara konkret tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR