Ukraynada nəşr olunan “Avtobiznestur” jurnalında Azərbaycana həsr edilmiş növbəti məqalə dərc edilib

Ukraynada nəşr olunan “Avtobiznestur” jurnalında Azərbaycana həsr edilmiş növbəti məqalə dərc edilib
# 14 avqust 2012 14:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Ukraynadakı səfirliyi ilə yaxından əməkdaşlıq edən “Avtobiznestur” jurnalında Azərbaycana həsr edilmiş növbəti məqalə dərc edilib. Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Böyük memarlıq irsi” adlı məqalədə Azərbaycanın qədim tarixindən və ölkəmizin ərazisindəki tarixi abidələrdən ətraflı bəhs edilir. Jurnalın bundan öncəki saylarında “Azərbaycan süjetləri”, “Qədim xalçaçılıq sənəti”, “Novruz – işıq və oyanış bayramı”, “Gül Bayramı. Bakı – tarix və müasir zaman”, “Azərbaycan – gücün və uzunömürlülüyün məskəni” və s. məqalələr dərc edilib.

Azərbaycanın əvəzsiz sağlamlıq ocaqlarına, əsrlər boyu alimlərin və səyyahların marağına səbəb olmuş, füsunkar təbiətinə və zəngin mədəniyyətinə həsr olunmuş həmin məqalələrdə Naxçıvanda Düzdağ – müalicə mağaraları, Badamlı, Sirab mineral su mənbələri, Naftalan müalicəvi imkanlarından geniş söz açılır. Jurnaldakı “Gül Bayramı: “Bakı - tarix və müasir zaman” başlıqlı məqalədə hər il ulu öndər Heydər Əliyevin doğum günündə Azərbaycanda keçirilən gül bayramı, o cümlədən, müstəqillik illərində Azərbaycanın qazandığı siyasi, iqtisadi, mədəni nailiyyətlər böyük hüsn rəğbətlə vurğulanır.

“Novruz – işıq və oyanış bayramı” məqaləsində çoxminillik zəngin mədəniyyətə malik olan Azərbaycanda Novruz kimi bayramlarının və ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə dövlət başçısı Prezident İlham Əliyevin xüsusi önəm verdiyi və özünün də xalq mərasimlərində həmişə iştirak etdiyi maraqlı dillə nəql edilir.

Jurnalda, həmçinin Azərbaycanda böyük uğurla keçirilən “Eurovision” mahnı müsabiqəsindən, Azərbaycan mətbəxi, ölkəmizdə turizmin inkişafından ilə bağlı maraqlı yazılar dərc edilib.

“Avtobiznestur” jurnalı 2000-ci ildən 15 min tirajla nəşr edilir. Jurnal “AirBaltic”, “Roza Vetrov”, “Delovaya Aviatsiya”, “Aero-Çarter” avia və çarter şirkətlərinin təyyarələrində, Ukraynada akkreditə olunan Səfirlik və nümayəndəliklərdə, turizm şirkətlərində, otellərdə, restoranlarda, mağazalarda və s. yerlərdə yayılmaqla geniş oxucu marağı qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR