Dövlət Neft Şirkətinin tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi keçiriləcək

Dövlət Neft Şirkətinin tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi keçiriləcək
# 11 may 2012 07:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi olan test imtahanını keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında saat 11:00-da başlayacaq.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir.

Hazırkı müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları”, “Neft-qaz yataqlarının işlənməsi və istismarı”, “Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)” və digər ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edirlər. Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1710 nəfər qeydiyyatdan keçib.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR