Azərbaycanda inflyasiya 3,1%-ə düşüb

Azərbaycanda inflyasiya 3,1%-ə düşüb
# 17 aprel 2012 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1% ucuzlaşıb, xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində (0,1%) qalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin I rübünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,9%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 2,5% bahalaşıb.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 3,7% təşkil edib. Göründüyü kimi, ölkədə inflyasiya yanvar-mart aylarında 0,6 faiz bəndi zəifləyib.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiya 6%, 2013-cü ildə – 5%, 2014-cü ildə 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR