Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qurultayı keçirilib - FOTO

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qurultayı keçirilib - <font color=red>FOTO</font>
# 23 oktyabr 2012 11:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 16-cı qurultayı keçirilib.

APA-nın məlumatına görə, qurultayda cəmiyyətin 5 illik hesabat dövrünü əhatə edən fəaliyyət və tədbirlər planı müzakirə olunub və növbəti 5 il üçün prezidenti, idarə heyəti və məclisi seçilib. Əvvəlcə iclasın sədri, katibi və say komissiyası seçilib.

Cəmiyyətin sədri Səmyar Abdullayev 2008-2012-ci illəri əhatə edən hesabat xarakterli çıxışında deyib ki, bu illər ərzində gözdən əlil vətəndaşların məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil şəraitsizliyi kimi problemlərinin həlli istiqamətində bir sıra əhəmiyyətli layihələrə imza atılıb. Bu müddət ərzində 100 ailə mənzillə təmin edilib, 132 əlil ailənin isə mənzil problemini həll edəcək layihənin icrasına başlanılıb. O, gözdən əlil vətəndaşlar üçün tikilən Reabilitasiya-Bərpa Mərkəzini cəmiyyətin ən böyük uğuru hesab edib: “Bu gün demək olar ki, gözdən əlil gənclərin 70 faizi informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək imkanına malikdir. Naxçıvan, Gəncə, Yevlax informasiya mərkəzlərində gözdən əlillərin informasiya-kommunikasiya texnologiyalarına sərbəst çıxışının təmin edilməsi üçün hər bir şərait yaradılıb”. S.Abdullayev bildirib ki, cəmiyyətə 5 illik ümumi daxilolmalar 818 884 manat, ümumi xərclər 818 710 manat, maliyyənin ümumi dövriyyəsi 818 710 manat civarında olub.

İclasda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib. Sonra hesabatların müzakirəsi və qiymətləndirilməsi istiqamətində çıxışlar olub. Qurultay təşkilati məsələlərə də baxıb, açıq səsvermə nəticəsində rəhbər orqanlara seçkilər keçirilib. S.Abdullayev növbəti müddətə cəmiyyətin sədri seçilib. Daha sonra cəmiyyətin məclisinə, idarə heyətinə üzvlərin seçilməsi ilə bağlı seçkilər keçirilib.

Qurultayın sonunda cəmiyyətin növbəti 5 il müddətinə fəaliyyət istiqamətləri müəyyənləşdirilib və qərar layihəsi təsdiq olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR