Nuşirəvan Məhərrəmli: “Telekanallarda aparıcılar bəzən verilişlərə dəvət etdikləri qonaqlarla xarici dildə danışırlar”

Nuşirəvan Məhərrəmli: “Telekanallarda aparıcılar bəzən verilişlərə dəvət etdikləri qonaqlarla xarici dildə danışırlar”
# 03 oktyabr 2012 14:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Son zamanlar telekanallarda serial çəkilişləri ilə bağlı böyük fəallıq müşahidə olunur. Axır vaxtlar göstərilən seriallar bizi telekanalların getdikcə Azərbaycanın tarixinə, ədəbiyyatına, coğrafiyasına uyğun daha çox filmlər çəkəcəyinə ümidləndirir” APA-nın məlumatına görə, bu fikirləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qurumun yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, əvvəllər Azərbaycan efirində göstərilən filmlərin 75 faizi xarici filmlər olub. 2011-ci ilin sentyabr ayında ölkə prezidenti tərəfindən milli televiziya filmlərinin çəkilməsi üçün 5 milyon manat pul ayrılıb. Məhz buna görə də Şura tərəfindən bu il mayın 1-dən ölkə teleməkanında xarici teleserialların yayımı dayandırılıb: “Həmin məbləğ telekanallar arasında bərabər bölünüb. Artıq bütün telekanallar bu məbləğə seriallar çəkiblər”.

Şura sədri həmçinin deyib ki, Azərbaycanda telekanallar bəzən ədəbi dilin işlənməsi ilə bağlı sui-istifadə hallarına yol verirlər. Onun sözlərinə görə, ölkədəki telekanallarda ədəbi dilin işlənməsi ilə bağlı bu və ya digər problem olsa da, onlar tədricən aradan qaldırılır: “Ancaq bəzən kanallarda bundan sui-istifadə halları olur. Aparıcılar bəzən verilişlərə dəvət etdikləri qonaqlarla xarici dildə danışırlar. Qarşıdakı illərdə bu məsələlərə də baxılacaq”.

N. Məhərrəmli bildirib ki, Şuranı narahat edən məsələlərdən biri Azərbaycan efirində aşağı təbəqənin psixologiyasına uyğun tok-şouların hazırlanmasıdır: “Bəzən kanallar süni şəkildə problemli ailələr arasında veriliş hazırlayır, bunu camaata kino kimi təqdim edirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR