AMEA Geologiya İnstitutu Azərbaycanda güclü zəlzələnin ola biləcəyi barədə məlumatlara aydınlıq gətirib

AMEA Geologiya İnstitutu Azərbaycanda güclü zəlzələnin ola biləcəyi barədə məlumatlara aydınlıq gətirib
# 15 iyun 2012 12:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Journal of Natural Hazards” jurnalı Massaçusets Texnologiya İnstitutunun Azərbaycan seysmoloqları ilə birgə şərqi Qafqazda yer qabığında apardıqları araşdırmaların nəticələrinə dair yazı dərc edib. Məqalədə bildirilir ki, son zamanlar Bakı ətrafında gərginlik toplanılması gedir və bunun nəticəsində Bakı rayonu ərazisində güclü zəlzələlər ola bilər. Alimlər bu nəticələrə son 10 il ərzində apardığı tədqiqatlardan sonra gəldiklərini bildiriblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov isə APA-ya açıqlamasında bildirib ki, “lenta.ru” saytı vasitəsilə yayılan bu məlumatda iki məqalə bir-biri ilə düzgün uyğunlaşdırılmayıb və məqalələrdə gedən məlumatlar çox şişirdilib: “Söhbət ondan gedir ki, apardığımız elmi tədqiqatların nəticəsinə əsasən, Azərbaycanda bir neçə yerdə hazırda gərginlik toplanılması gedir. Bu gərginlik toplanılması o deməkdir ki, yaxın 10 ildə və ya daha artıq müddətdə burada enerjinin toplanılması kritik həddə çata bilər. Belə bölgələrdən biri Zaqatala-Şəki zonası idi. Burada hadisələr gözlədiyimiz şəkildə davam etdi. İkinci yer isə məqalədə də göstərdiyimiz kimi Abşeronun cənubudur.

Abşeronun cənubunda enerji toplanılması müşahidə olunur. Amma burada dəhşətli hadisə olacağından söhbət getmir. Sadəcə olaraq evlərin tikilməsi, boru xətlərinin salınması zamanı deformasiyanın qarşısını almaq üçün aidiyyəti instansiyalara informasiya vermək xarakteri daşıyır. “Journal of Natural Hazards”da bizim bu tədqiqatlarımızın nəticələri əks olunub. Həmin tədqiqatlar Massaçusets Texnologiya İnstitutunun saytında da yerləşdirilib. KİV-lər isə bu məlumatlardan bildikləri kimi istifadə edir. Bu məlumatlar çox vaxt düzgün anlaşılmır, insanları çaşdırmağa yönəlir. Biz sadəcə olaraq, orada qeyd etmişik ki, horizontal hərəkətlər deformasiya proseslərini gücləndirib və enerji toplanılır. Bu deformasiya prosesləri Bakı-Tiflis-Ceyhan xəttinə də təsir edə bilər. Bu işin davamı kimi bp şirkətinin maliyyə dəstəyi ilə Geologiya İnstitutu bu deformasiyaların BTC-nin Azərbaycan hissəsinə təsirini öyrənir. Orada da müəyyən yerlərdə enerji toplandığını görürük və lazımi şəkildə xəbərdarlıq edirik. Çox təəssüf edirəm ki, bizim elmi cəhətdən apardığımız tədqiqat bu şəkildə çatdırılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR