Kür və Arazın hündürlük səviyyəsi və su sərfi peyk müşahidələrinə əsasən hesablanacaq

Kür və Arazın hündürlük səviyyəsi və su sərfi peyk müşahidələrinə əsasən hesablanacaq
# 29 fevral 2016 15:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA H.Əliyev adına Coğrafiya İnstitutu ilə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin Geofizika və Kosmik Okeanoqrafik Tədqiqatlar Laboratoriyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə APA-ya Coğrafiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin Geofizika və Kosmik Okeanoqrafik Tədqiqatlar Laboratoriyasının (KOTL) əməkdaşları Jan-Fransua Kretaks və Amanda Montazem AMEA H.Əliyev adına Coğrafiya İnstitutu ilə birgə aparılan elmi əməkdaşlığı daha da genişləndirmək, eləcə də gələcək perspektivləri müzakirə etmək məqsədilə Azərbaycanda olublar: “2003-cü ildən KOTL ilə birgə bir neçə beynəlxalq layihə üzərində işlənilib.

Qarşılıqlı iş birliyinin təşəbbüskarı və təşkilatçısı olan Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun işləyib hazırladığı xəritələr əsasında xarici qonaqlar marşrut üzrə təyin edilib. Qonaqlar Kür çayı boyunca Neftçaladan başlayaraq Yevlax rayonunda yerləşən müxtəlif məntəqələrdə olub, Bankə məntəqəsində və Varvara su anbarının yaxınlığında Kür üzərində santimetr dəqiqliyi ilə ölçmə işləri aparıblar. Əsas məqsəd təbii axın nəzərə alınmaqla, CPS vasitəsi və peyk müşahidə məlumatları ilə Kür və Araz çaylarının səviyyəsini ölçmək, eləcə də digər parametrlərin monitorinqini yerinə yetirmək olub”.

Qeyd olunub ki, qarşılıqlı əməkdaşlıq zəminində yaxın gələcəkdə peyk müşahidələrinə əsasən Azərbaycanın ən böyük çayları olan Kür və Arazın hündürlük səviyyəsinin və su sərfinin hesablanması da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR