Rusiya XİN: 1994-cü və 1995-ci illərin razılaşmaları Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əsasını təşkil edir

Rusiya XİN: 1994-cü və 1995-ci illərin razılaşmaları Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əsasını təşkil edir
# 21 aprel 2016 23:20 (UTC +04:00)

Bakı-APA. Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan razılaşmalar müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in açıqlamasında bildirilir.

“Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı kontekstində Rusiya tərəfinin qəti mövqeyi ondan ibarətdir ki, atəşin dayandırılmasına dair 1994-cü il tarixli Razılaşma və bu razılaşmanın möhkəmləndirilməsi üçün qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsinə dair 1995-ci il tarixli Razılaşma müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümumi yanaşmasına tamamilə uyğun olan bu prinsipial mövqe Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyinin aprelin 12-də Azərbaycanın qurumdakı daimi nümayəndəliyinə təqdim etdiyi notasında öz əksini tapıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR