Azərbaycan XİN rəhbəri ECO Nazirlər Şurasının iclasında çıxış edib

Azərbaycan XİN rəhbəri ECO Nazirlər Şurasının iclasında çıxış edib
# 23 sentyabr 2016 18:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxış edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çıxışı zamanı nazir bildirib ki, regional və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığa töhfə verib:

“Trans-Xəzər Beynəlxalq Marşrutunun yaradılması və gələn il istifadəyə verilməsi gözlənilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tikintisi əhəmiyyətli layihələr sırasındadır. Biz fəal şəkildə Beynəlxalq Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat Dəhlizinin həyata keçirilməsində iştirak edirik. Əminik ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yol layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək. Biz son meylləri və ECO regional elektrik enerjisi bazarının yaradılması üzrə inkişafı yaxından müşahidə edirik”.

Nazir qeyd edib ki, Azərbaycan özünün əməli fəaliyyəti ilə ECO-nun məqsəd və hədəflərinə töhfə verməkdə davam edir. Onun sözlərinə görə, Azərbaycan regional xarakter daşıyan iqtisadi layihələrin uğurla həyata keçirilməsi üçün regional səviyyəli faydalı layihələrin, habelə BMT-nin ixtisaslaşmış qurumları və beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlığın həyata keçirilməsinin təşviq edilməsini məqsədəuyğun hesab edir. “Hazırlanmaq mərhələsində olan yeni ECO Baxış 2016-2025 sənədi bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir. Bu islahatlar prosesi ECO daxilində hazırkı institutlar və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi daşımalıdır. Azərbaycan ECO-nun daha da inkişafı naminə fəaliyyətlərin hazırlanması imkanları ilə təmin edə biləcək birgə səylərlə müşayiət olunan islahatlar prosesini dəstəkləyir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR