Ərdoğanın baş məsləhətçisi: “Türkiyə dövləti və milləti Avropa İttifaqına məhkum deyil”

Ərdoğanın baş məsləhətçisi: “Türkiyə dövləti və milləti Avropa İttifaqına məhkum deyil”
# 21 noyabr 2016 10:43 (UTC +04:00)

“Şəxsən mən bir siyasətçi kimi heç vaxt Türkiyənin Avropa İttifaqına daxil olmasını arzulamamışam. Arzum Balkanlardan Çin səddinə qədər birləşmiş, dildə, fikirdə bir olan Türküstan dünyasıdır. Mən 14 yaşından belə bir birliyin arzusundayam”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu bildirib.

Y. Topçu Türkiyə hökumətlərinin zaman-zaman Avropa İttifaqına üzv olmaq kimi arzularının olduğunu söyləyib: “Türkiyə prezidentinin baş məsləhətçisi kimi danışsam, Avropa İttifaqı Türkiyəyə möhtacdır, Türkiyənin Avropa İttifaqına heç bir ehtiyacı yoxdur. Avropa İttifaqının Türkiyənin yeraltı, yerüstü sərvətlərinə, tarixi dəyərlərinə, insan resurslarına çox ciddi ehtiyacı var. Əgər Avropa İttifaqı ölkələri Asiya, Balkanlar, Orta Şərq, Afrika ilə ticarət, turizm sahəsinə əməkdaşlıq istəyirlərsə, o ölkələrlə öz ölkələri arasında mədəni əlaqələr qurmaq istəyirlərsə, bunun açarı Türkiyədir. Asiyada da, Orta Şərqdə də, Balkanlarda da, Afrikada da həm təhlükəsizliyin, həm müstəqilliyin, həm də rifahın açarı Türkiyədir. Avropa İttifaqı Türkiyə ilə əməkdaşlıqdan yalnız qazanır. Ancaq anlaşılan və görünən odur ki, Avropa İttifaqı Türkiyə ilə münasibətlərdə ipə un sərməkdədir”.

Y. Topçu bildirib ki, Türkiyənin hazırkı hökuməti və dövləti, prezidenti Avropa İttifaqı ölkələrinin bu niyyətini görüb, Avropa İttifaqı ölkələrinin Türkiyəni bölməyə və parçalamağa zəmin hazırlayan olayların, terror təşkilatlarının arxasında durduğunu müəyyənləşdirib. “İstər PKK, istər İŞİD, istər FETÖ terror təşkilatının bəslənmə qaynağına baxsaq, bunlar guya NATO və Avropa İttifaqı içərisində bizimlə strateji ortaq olduğunu söyləyən ölkələrdir. Bu terror təşkilatlarının silahlarının hamısı bu ölkələrin silahlarıdır. Türkiyə bunu gördü və müəyyənləşdirdi. Almaniyada PKK terror təşkilatının “qırmızı bülleten”lə axtarışda olan 4 min 500 üzvü, quldur var. Avropa İttifaqının mərkəzi olan Belçikada Türkiyənin önəmli bir iş adamını silahla öldürən bir qatil var. Belçika illərdir ki, o qatili Türkiyəyə vermir. Avropa İttifaqındakı ölkələrin Türkiyə ilə dostluğu bu səviyyədədir. Türkiyənin bölücü terror təşkilatı ilə mübarizə aparmasına rəğmən hələ də Avropa İttifaqı ölkələrində PKK-ya dəstək verir, onu qoruyurlar. Bunların içərisində NATO üzvləri də var”.

Türkiyə prezidentinin baş məsləhətçisi deyib ki, hazırda Türkiyənin Avropa İttifaqı ilə münasibətləri Avropa İttifaqı ölkələrinin Türkiyəyə qarşı terrorla mübarizə və digər məsələlərdə atacağı addımlara bağlıdır: “Türkiyə dövləti və milləti əsla Avropa İttifaqına məhkum deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR