QMİ-də 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan konfrans keçirilib

QMİ-də 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan konfrans keçirilib
# 16 yanvar 2020 12:49 (UTC +04:00)

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan konfrans keçirilib.

APA-nın məlumatına görə, QMİ sədri Allahşükür Paşazadə başda olmaqla Azərbaycanın din xadimləri tədbirdən əvvəl Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinin yad ediblər.

Konfransda QMİ rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, axundlar, dini icmaların nümayəndələri iştirak edib.

Konfransda çıxış edən QMİ sədri Allahşükür Paşazadə 1990-cı ilin 20 Yanvar hadisələrinin törədilməsinin “Böyük Ermənistan” xülyası ilə yaşayanların Mixail Qorbaçovu siyasi oyuncağa çevirməsinin nəticəsi olduğunu deyib. Şeyxülislam 20 Yanvar hadisələrində xalqın yanında olduğunu, QMİ-nin insanların ümid yerinə çevrildiyini xatırladıb: "20 Yanvar hadisələrini anmaq on illiklər ərzində ürəyimizdə gəzdirdiyimiz qan yaddaşımızın təzahürüdür. 20 Yanvar bir tərəfdən xalqın sinəsinə çəkilən müsibət olsa da, digər tərəfdən azadlıq istəyi idi, bu hadisə minlərlə insanın qəlbinə azadlıq toxumu səpdi. 20 Yanvar hadisəsi insanlığa qarşı törədilmiş ən qanlı hadisə kimi yadda qalacaq". Şeyxülislam xatırladıb ki, 1990-cı il 20 Yanvar günü Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.

Şeyxülislam qeyd edib ki, 20 Yanvar faciəsindən 30 il keçsə də, tarixin o çətin dövrü unudulmur və daima xalqın yaddaşında qalacaq: "20 Yanvar hadisələri ilə bağlı yeni istintaq komissiyasının yaradılmasını, Qorbaçov başda olmaqla bütün cinayətkarların Haaqa məhkəməsinə çıxarılmasını tələb edirik".

Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 20 Yanvar hadisəsinin Azərbaycan xalqının yaddaşına həkk edilən mübarizə rəmzi olduğunu bildirib: "20 yanvar faciəsi ərəfəsində Azərbaycanda tam hakimiyyətsizlik idi. Dövlət qurumları iflic vəziyyətə düşmüşdü. Qafqazın Şeyxi Allahşükür Paşazadə şəhidlərin dəfn mərasimini üzərinə götürməsəydi, bu iş pərakəndə olardı. Allahşükür Paşazadə bu işi üzərinə götürdü və şəhidlərimizin dəfn mərasimi təşkil olundu. 20 yanvar faciəsindən sonra da Azərbaycan xalqı mübarizcəsinə torpaqlarımızın azad olunması üçün şəhidlər verib, qorxmadan döyüşlərə atılıb. Bu gün Azərbaycan xalqı dövlət müstəqilliyini qorumağa qadirdir". Komitə sədri qeyd edib ki, hər il yüzlərlə insan Şəhidlər Xiyabanını ziyarət edir. Şəhidlik zirvəsinin məkanı olan bu yer xalq üçün and, örnək yerinə çevrilib. Tədbirdə dini konfessiyaların rəhbərləri də 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan bəyanatı səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR