ABB-nin öhdəliklərinin restrukturizasiyası çərçivəsində Maliyyə Nazirliyi avrobond seriyasını buraxıb

ABB-nin öhdəliklərinin restrukturizasiyası çərçivəsində Maliyyə Nazirliyi avrobond seriyasını buraxıb
# 05 sentyabr 2017 07:53 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası çərçivəsində Maliyyə Nazirliyi sentyabrın 1-də avrobond seriyasının buraxılışını həyata keçirib.

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Sberbank CIB Investment Research"dan bildirilib.

Avrobondlar hər birinin məbləği 170-180 mln. dollar, ödəniş müddəti 2017-2021-ci illər olan 5 tranşla buraxılıb. Bundan başqa, Maliyyə Nazirliyi 12 illik 300 mln. dollarlıq və 15 illik 1,1 mlrd. dollarlıq avrobond da buraxıb.

Sentyabrın 4-də qiymətli kağızlar stabil ticarət olunub: Azerbaijan-29 104,60% (4.59%, Z+246), Azerbaijan-32 isə 87,30% (4,75%, Z+251).

"Sberbank CIB Investment Research" bildirir ki, qiymətli kağızlara maraq olduqca yüksəkdir: "Bu amil Azerbaijan-24 və "Cənub Qaz Dəhlizi" QSC-nin qiymətli kağızlarının dinamikasına da müsbət təsir edə bilər".

Bundan öncə ABB bəyan edib ki, xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.


18 iyul 2017-ci il tarixində ABB-nin kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93,9%-ə malik kreditorlar planın lehinə səs verib. "Banklar haqqında" qanuna uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində planın təsdiqlənməsinə dair qərar çıxarıb.

ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov prosesin nəticəsini belə şərh edib: "Restrukturizasiya prosesi gözlədiyimiz kimi uğurla başa çatıb. Bu prosesin həyata keçirilməsi bankın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından həlledici addım idi. Hazırda bankın problemli aktivlərinin müəyyən hissəsinin "Aqrarkredit" bank olmayan kredit təşkilatına ötürülməsi istiqamətində yekun tədbirlər həyata keçirilir. Hər iki addım bankın kapitallaşmasını, mənfəətliyini və maliyyə bazarında dayanıqlığını təmin edəcək. Bütün bunlar bankın özəlləşməyə açıq elan edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə də imkan verəcək. Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 11 may 2017-ci il tarixindən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi rayon məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR