"Azərbaycanın maarifçi qadınları" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Azərbaycanın maarifçi qadınları" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 07 mart 2018 11:51 (UTC +04:00)

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, jurnalist, şairə, publisist Telli Pənahqızı və digər şəxslər iştirak ediblər.

Oqtay Səmədov çıxışında bildirib ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə bu il fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb. Yazıların hamısı ilə tanış olduğunu diqqətə çatdıran O. Səmədov deyib ki, müsabiqənin nəticəsi olaraq dərc edilən toplu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.

Sona Vəliyeva müsabiqədə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirərək qeyd edib ki, onların yazıları həm keçmiş, həm indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür. Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu söyləyən S. Vəliyeva əsas mükafatlara layiq görülənlərin bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiklərini vurğulayıb. O, ötən əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən “Nina” qız məktəbini, onun təsisçisi Hənifə Məlikovanın fəaliyyətini xatırladaraq qadınların ölkə həyatında tarix boyu fəal rolundan danışıb: “Azərbaycanda indi söz azadlığı var. Dünya qloballaşıb, informasiya ilə işləmək imkanları genişlənib, hazırda imzanın görünməsi daha asandır. Bizim qadınlarımızın dünyadakı qadınlardan bir fərqi də onların mübarizliyidir. Vaxtilə çadraya bürünən qadınlar öz sağlamlıqları bahasına, bəzən ölüm təhlükəsi altında maarifçilik ideyalarını yaymaqla məşğul olublar. Azərbaycan qadını türk mənəviyyatı, islami dəyərlərə bağlılığı ilə seçilir. Bu il ADR-in 100 illik yubileyidir, bu böyük zaman kəsiyində Azərbaycan qadınının keçdiyi tarixi yol şərəflidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyəri xüsusi vurğulamaq istərdim. Vaxtilə onun xaricə təhsil arxasınca göndərdiyi gənclərin əksəriyyəti qadınlar olub. Ulu öndər dövlətçilik təfəkkürünün oyanması üçün qadınlarımıza şərait yaradırdı. Onun ikinci dəfə hakimiyyətə qayıdışından da sonra bu missiya davam etdi. Azərbaycanda hətta qadınlarla bağlı dövlət komitəsi də formalaşdı. Bu gün ölkənin birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı ölkədə qadın siyasətinin önəmli sahələrdən biri olduğunu göstərir”.

Əflatun Amaşov isə bildirib ki, informasiya əsrində hansı xalq daha çox elmə əsaslanırsa, qabaqcıl xalqlardan hesab olunur: "Elmin inkişafında qadınların rolu kifayət qədər böyükdür. Bununla belə, Azərbaycanda bir sıra hallarda təhsilə soyuq münasibət, qızların təhsildən kənar qalması məni narahat edir. Təhsilsiz cəmiyyətin inkişafı şübhə altına düşür. Azərbaycanda ilk dəfə qadına seçki hüququ verilib. Siyasətimizi düzgün qurmasaq, Bakının mərkəzində ucaldılan Azad Qadın heykəlinin qarşısında piketlər görə bilərik, bu heykəlin götürülməsi təbliğ oluna bilər. Bu, çox qorxulu tendensiyadır”.

Vüqar Səfərli isə təəssüflə bildirib ki, müsabiqədə cəmi 26 jurnalist iştirak edib: “Gələcəkdə daha çox qadının iştirak edəcəyini düşünürəm. Yazılardan hazırlanan kitabın əhəmiyyəti də böyükdür".

Tənzilə Rüstəmxanlı çıxışında qeyd edib ki, Azərbaycan qadını mübarizlik simvoludur. O bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu və bu gün İlham Əliyevin davam etdirdiyi siyasətdə əsas prioritetlərdən biri də qadınların cəmiyyətdə rolunun qiymətləndirilməsidir: “Bu gün Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan xanımının cəmiyyətimizdə fəal roluna bir nümunədir”.

Vüsalə Mahirqızı isə maarifçi xanımların cəmiyyətdəki rolunun mətbuatda daha geniş işıqlandırılmasının vacibliyinə diqqət çəkib: “Münsiflər heyətinin üzvü kimi yazılarla tanış oldum. Yazılarda cümhuriyyət dövründə maarifçi xanımlarımızın gördükləri işlər, üzləşdikləri əziyyətlər əksini tapıb. Bu, yaxşı haldır və düşünürəm ki, tək müsabiqədə yox, daim mətbuatda bu mövzu işıqlandırılmalı, təbliğ edilməlidir. İndi Azərbaycan qadını bəzən yanlış təbliğ olunur, hesab edirlər ki, bəzən hansısa pop-ulduz kumir kimi örnək göstərilə bilər. Amma fakt odur ki, tarixdə istər dövlətçilik missiyasında, istərsə də maarifçilik missiyasında bizim xanımlarımız daim örnək olublar. Bu yaxınlarda İradə Bəkirova ilə bağlı bir məqalə oxudum. O, Azərbaycan jurnalistikasında çox ciddi əməyi olan, ümummilli lider Heydər Əliyevin çox hörmət etdiyi şəxslərdən olub. Cümhuriyyət yaranan zaman ilk sərəncamlardan biri 100 azərbaycanlının xaricə oxumağa göndərilməsi idi. Onların arasında xeyli qadın olub. Onlardan bəziləri sonradan ölkəyə qayıtmadı və bu gün törəmələri xaricdə Azərbaycan diasporunun fəaliyyətində fəal rol oynayırlar. Bu yaxınlarda biz Amsterdamda diasporla bağlı bir tədbirdə iştirak etdik. Diaspor fəaliyyətində qadınlarımızın fəallığı və çoxluğu məni fərəhləndirdi. Biz artıq düşünürük ki, diaspor işində qadınların fəaliyyətinin işıqlandırılmasına daha çox diqqət yetirək. Bu yaxınlarda cənab prezident İlham Əliyevin diaspor fəaliyyəti ilə əlaqədar mükafatlandırdığı şəxslər arasında xeyli qadının olması da buna bir misaldır”.

Telli Pənahqızı da çıxışında müsabiqədəki yazılarda maarifçi qadınlara geniş yer verilməsini təqdir edib. O qeyd edib ki, bu kimi yazıların davam etdirilməsi zərurətdir.

Tədbirdə “Azərbaycanın maarifçi qadınları” toplusu təqdim olunub. Nəşrdə akademik Zərifə xanım Əliyeva, şərqşünas alim Aida xanım İmanquliyeva, Pəri xanım Topçubaşova, Hənifə xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə, Sara xanım Aşurbəyli, Sona xanım Tağıyeva, Məryəm xanım Bayraməlibəyova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.

Sonda qaliblərə mükafatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR