Bakıda avtomobildən 10 kq narkotik vasitə aşkarlanıb

Bakıda avtomobildən 10 kq narkotik vasitə aşkarlanıb
# 06 iyul 2017 14:25 (UTC +04:00)

Bakıda avtomobildən 10 kiloqramdan çox narkotik vasitə aşkar edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxt sakini, əvvəllər məhkum olunmuş Ağaxan Hüseynov Binəqədi-Xırdalan yolunda VAZ 21015 markalı avtomobili idarə edən zaman kobud qayda pozuntusuna yol verdiyi üçün Binəqədi Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən ona saxlama əmri verilib.

Sürücü əvvəlcə yol polisinin qanuni saxlama əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərib, amma bunun qarşısı alınıb. Saxlanılandan sonra sürücü A. Hüseynovun şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən A. Hüseynov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin yük yerində gizlədilmiş 10 kiloqram 670 qram qurudulmuş marixuana, 75,326 qram tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, sürücünün üzərinə baxış keçirilən zaman əlavə olaraq ondan yüksək psixotrop təsirə malik olan 180 qram metoamfetamin həbləri də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini və avtomobilində gizlətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR