Təhsil Nazirliyi: Qarabağ tarixini dərindən öyrənmək məktəbdən başlayır

Təhsil Nazirliyi: Qarabağ tarixini dərindən öyrənmək məktəbdən başlayır
# 30 dekabr 2016 13:50 (UTC +04:00)

Bu gün Azərbaycan cəmiyyətində vətəndaşları düşündürən ən önəmli, taleyüklü məsələlərdən biri məhz Qarabağla bağlıdır. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, respublikanın ümumtəhsil məktəblərində tətbiq olunan “Tarix” dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb. Eyni zamanda, bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb.

Bununla belə, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması, artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib. Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan “Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib. Fakültativ kursun proqramı ilə yanaşı, tədris vəsaiti də hazırlanıb.

“Qarabağın tarixi” tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də Heydər Əliyevin, prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri tarixi əhəmiyyətə malik fəaliyyətləri öz əksini tapıb.

Tədris vəsaiti AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR