“Azərbaycanda yayım mediası: mövcud durum və yeni çağırışlar” mövzusunda konfrans keçirilib

“Azərbaycanda yayım mediası: mövcud durum və yeni çağırışlar” mövzusunda konfrans keçirilib
# 18 dekabr 2012 14:38 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azərbaycanda yayım mediası: mövcud durum və yeni çağırışlar” mövzusunda konfrans keçirib.

APA-nın məlumatına görə, konfransda ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Detç, RATİ-nin direktoru Emin Hüseynov mövzu ilə bağlı çıxış ediblər.

“Yayım infrastrukturunun təkmilləşdirilməsinə müasir tələblər və yeni imkanlar” və “Dövlət, ictimai və özəl teleradio yayım kontentinin cəmiyyətin maraqlarına xidmət müstəvisində təhlili” mövzularında keçirilən panellərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, media eksperti Ələsgər Məmmədli, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “AzərTAc” İnformasiya Agentliyinin şöbə müdiri Orxan Yolçuyev, İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov, telekanalın analitik verilişlər departamentinin rəhbəri Anar Yusifoğlu çıxış ediblər.

Konfransda RATİ-nin “Azərbaycanın yayım mediasında siyasi müxtəliflik” adlı monitorinqinin ilkin hesabatı da açıqlanıb. Monitorinq Azərbaycanın 6 ümumrespublika yayımçısı olan (AzTV, İTV, ANS, Space, Lider, ATV) telekanal, 1 radio (İctimai radio) və 1 xəbər agentliyi saytında (AzərTAc) təqdim olunan xəbərlərdə və verilişlərdə ideya plüralizminin, dəqiqliyin, balanslaşdırmanın peşəkar və obyektiv qiymətləndirilməsini ehtiva edib. Hesabatda bildirilib ki, monitorinqi həyata keçirilmiş media orqanları siyasi müxtəlifliyə az yer ayırır, bununla da vətəndaşları dövlətin fəaliyyəti barədə obyektiv məlumat almaq imkanından məhrum edir. İctimai yayımçı (İctimai TV) müstəqil və obyektiv siyasi xəbər mənbəyi kimi fəaliyyət göstərmir, dövlət və müxalifətin siyasi problemləri birgə müzakirə etməsinə, yəni siyasi fikir müxtəlifliyinə şərait yaratmır. Özəl yayımçılar isə hökumətə və YAP-a daha çox yer ayırsa da, digər kanallarla müqayisədə ANS-də müxtəliflik müşahidə olunur.

Hesabatla razılaşmayan İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov, telekanalın analitik verilişlər departamentinin rəhbəri Anar Yusifoğlu və “AzərTAc” İnformasiya Agentliyinin şöbə müdiri Orxan Yolçuyev çıxış edərək, hesabatda qeyd olunanlarla razılaşmadıqlarını bildiriblər. A.Yusifoğlu deyib ki, təmsil etdiyi televiziya siyasi media qurumu deyil: “Ona görə də İTV-dən siyasi məsələlərə daha çox yer ayrılması ilə bağlı iradların əsası yoxdur. İTV ölkədə yeganə elektron media təşkilatdır ki, bütün xəbər və şərhlərdə balansı qoruyur və ya qorumağa çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR