Azərbaycanda noyabrda 1%-lik inflyasiya müşahidə olunub

Azərbaycanda noyabrda 1%-lik inflyasiya müşahidə olunub
# 05 dekabr 2012 11:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,9%, qeyri-ərzaq mallarının 0,3%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1% artması ümumilikdə istehlak malları və xidmətlərin əvvəlki ayla müqayisədə 1,0% bahalaşmasına səbəb olub.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından düyü, çörək, qoyun əti, makaron məmulatları, toyuq əti, təzə balıq, süd və süd məhsulları, yumurta, portağal, banan, alma, armud, nar, xiyar və pomidor, bibər, badımcan, sarımsaq, kartofun qiyməti artıb. Bahalaşma ilə yanaşı noyabr ayında qarabaşaq yarması, kərə yağı, günəbaxan yağı, şəkər və şəkər tozu, naringi, xurma, kələm, çuğundur, kök, göyərtinin qiymətlərində azalma müşahidə olunub.


Noyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından nitro və yağlı boyalar, divar kağızları, kəsilmiş taxtalar, ağac lifli lövhələr, parket və laminat parket, kərpicin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin qiymətləri artıb, parket üçün lak, pəncərə şüşəsi, ağac yonqar lövhələr, sement, metal kirəmitin, mebellərdən mətbəx üçün masanın qiymətləri isə azalıb.


Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərindən qadın üçün qış kostyumunun tikilişi, çilingər xidməti, mebel təmiri xidmətləri tariflərində artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR