Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 1%, S&P 500 1%, Nasdaq isə 0,5% enib
# 16 fevral 2009 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 13-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 7850,41 bəndədək, S&P 500 1% - 826,84 bəndədək, Nasdaq isə 0,5% - 1534,36 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə makroiqtisadi göstəricilər və korporativ xəbərlər təsir edib. O cümlədən, istehlakçıların etibarlıq indeksi hazırda 56,2 bənd təşkil edir ki, bu da əvvəlki ayla müqayisədə 5,6 bənd aşağıdır. Korporativ xəbərlər isə müxtəlif makroiqtisadi amillərin mənfi təsirlərini bir qədər tarazlaşdırıb. Qeyd edək ki, fevralın 13-də ABŞ-ın ən iri bankları olan «Citigroup», «JPMorgan Chase&Co» və «Morgan Stanley» ipoteka yolu ilə alınan mənzillərin müsadirə etməsinə moratorium qoyduğu məlum olub. Bu addımla banklar hökumətə 50 mlrd. dollar məbləğində nəzərdə tutulan ipoteka sahəsinin dəstəklənməsi proqramının işə salınmasına vaxt verib. «Citigroup» moratoriumu fevralın 12-dən martın 12-dək və ya sözügedən proqramın tətbiqinə kimi, «JPMorgan Chase&Co» və «Morgan Stanley» isə bu həftədən martın 6-dək elan edib. Hazırda ABŞ-da ipoteka kreditləri üzrə ödəmə qabiliyyətinin aşağı düşməsi ilə bağlı müsadirə hallarının sayı tarixi maksimuma çatıb ki, bu da öz növbəsində təkrar bazarda daşınmaz əmlakın qiymətinin kəskin düşməsinə səbəb olub. Aydındır ki, bu proses heç kəsin xeyrinə deyil, çünki bunun nəticəsində bankların da aktivlərinin dəyəri kəskin azalır. Bu səbəbdən prezident Barak Obamanın administrasiyası ipotekaya maddi yardım proqramını hazırlayır. Bu proqram ipoteka üzrə ödəmələrdə çətinlik çəkənlərə ünvanlanacaq.
Avropa bazarlarında fevralın 13-də Britaniya FTSE 100 indeksi 0,3% - 4189,59 bəndədək enib, Fransa CAC-40-ı 1,13% - 2997,86 bəndədək, Almaniya DAX-ı isə 0,13% - 4413,39 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2796 (-1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR