Bank Of Baku

Qızılın qiyməti yeni tarixi maksimuma yaxınlaşır

Qızılın qiyməti yeni tarixi maksimuma yaxınlaşır
# 19 fevral 2009 11:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində qızılın 1 unsiyasının qiyməti 977,7 ABŞ dollarına çataraq 7-aylıq maksimumu təkrarlayıb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, fevralın 19-da Azərbaycanda qızılın rəsmi məzənnəsi 777,17 manat (964 dollar) səviyyəsində müəyyən edilib.
Dünya bazarlarında qızılın kəskin bahalaşması və ümumiyyətlə, qızıl bazarında vəziyyəti müşahidəçilər çaxnaşma kimi qiymətləndirirlər, bunun əsas səbəbi maliyyə və fond bazarlarında müşahidə olunan qeyri-müəyyənliklə bağlıdır. Belə ki, aparıcı ölkə və regionlarda iqtisadiyyatın geriləməsi, mikroiqtisadiyyatda mənfi tendensiyaların dərinləşməsi və digər amillər fond bazarlarında kotirovkaların enməsinə səbəb olub ki, bunun da nəticəsi investorların qiymətli kağızlardan daha təhlükəsiz sərmayə istiqamətləri axtarması olub. Bu istiqamətlərin sırasında dollar və qızıl çıxış edir. Öz növbəsində ABŞ-da müşahidə olunan makroiqtisadi göstəricilərin pisləşməsi, ölkənin yeni administrasiyasının atdığı addımların fayda verib-verməyəcəyinə inamsızlıq qızıla olan tələbatı kəskin artırıb. Bir sözlə demək olar ki, qızılın bahalaşması fond bazarlarında, maliyyə bazarında və makroiqtisadiyyatda problemlərin olmasının göstəricisidir.
Qızılın qiymətinin tarixi maksimumu (1 030 dollar/1 unsiya) ötən ilin mart ayında qeydə alınıb. Ekspertlərin fikrincə, qızılın qiyməti artıq yaxın günlərdə 1000 dollara çatacaq, daha sonra isə yeni tarixi maksimum müəyyənləşdirəcək. Bunun üçün bütün amillər mövcuddur, hətta dolların avroya qarşı bahalaşması da qızılın qiymətinin artmasına birbaşa təsir edir, çünki qızıl dünya bazarlarında məhz dollarda nominallaşır.
Son məlumatlara görə, fevralın 19-da Asiya bazarlarında qızılın bahalaşması davam edir. Belə ki, qızılın alqı-satqısı üzrə əqdlər təxminən 986 dollar ətrafında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR