Qızılın qiymətinin yaxın perspektiv üçün dinamikasına dair müxtəlif fikirlər mövcuddur. Məsələn, fond bazarlarında sağlamlaşma tendensiyaları nəticəsində qızılın ucuzlaşması barədə fikirləşənlər, həmçinin dolların tədricən ucuzlaşması nəticəsində qızılın bahalaşacağını söyləyənlər də var. Baş ofisi Londonda yerləşən və dünya miqyasında fəaliyyət göstərən «GFMS Precious Metal Research & Consultancy» şirkətinin mütəxəssisləri isə qızılın cari ilin ikinci yarısında bahalaşmasına əsas səbəb kimi inflyasiya ehtimallarını qeyd edirlər. Yəni, fond bazarlarında başlanan dünya iqtisadiyyatının sağlamlaşması tendensiyalarının real iqtisadiyyata keçməsi nəticəsində istehsal və istehlak sahələrində canlanma yaranacaq ki, bu da qiymətlərin yenidən yüksəlməsinə səbəb olacaq. Maliyyə bazarlarında vəziyyətin tam sabitləşməməsi şəraitində inflyasiyadan qorunmaq məqsədi ilə investorlar qızılın və qızıl üzrə fyuçers kontraktlarının alınmasına üstünlük verəcək ki, bu da qızılın kotirovkalarını artıra bilər.