ABŞ və Avropa bazarları Yaxın Şərqdəki gərginlik fonunda geriləyib.
"APA-Economics" xəbər verir ki, iyunun 9-da qlobal fond bazarlarında əsasən mənfi dinamika müşahidə olunub.
ABŞ-da Dow Jones indeksi 86,10 bənd və ya 0,17% artaraq 50 872,11 bəndə yüksəlib. S&P 500 indeksi 19,08 bənd (0,26%) azalaraq 7 386,65 bəndə, Nasdaq Composite indeksi isə 250,84 bənd (0,97%) geriləyərək 25 678,82 bəndə enib.
Avropa bazarlarında da satışlar üstünlük təşkil edib. Böyük Britaniyanın FTSE 100 indeksi 1,41%, Almaniyanın DAX indeksi 0,74%, İspaniyanın IBEX 35 indeksi 0,27% azalıb. Fransanın CAC 40 indeksi isə 0,05% artımla günü müsbət zonada başa vurub.
Asiya-Sakit okean regionunda da əsas indekslər aşağı düşüb. Nikkei 225 indeksi 1,42%, Hang Seng indeksi 1,14%, CSI 300 indeksi isə 0,98% geriləyib.
Bazar iştirakçıları ABŞ-da pul-kredit siyasətinə dair gözləntilərlə yanaşı, Yaxın Şərqdə davam edən gərginliyin qlobal iqtisadiyyata və enerji bazarlarına mümkün təsirlərini də qiymətləndirirlər. Geosiyasi risklərin artması investorların riskli aktivlərə marağını zəiflədib və bir sıra bazarlarda mənfəət realizasiyasını sürətləndirib.