InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında avro/dollar valyuta cütlüyü qiyməti 1.19-1.18$ aralığında ticarət edilməkdədir. Maliyyə bazarlarında isə həm Avropada yumşaq monetar siyasətin davam etdirilməsi zəruriliyinin reallığı, həm də ABŞ-da makro iqtisadi göstəricilərin müsbət açıqlanması, Amerika Mərkəzi Bankının (FED) gələn həftə faiz artımına gedəcəyi gözləntiləri, eyni zamanda, yeni vergi qanunu ətrafında uğurlar, cütlük üzrə qiymətin 1.20$-ın altında qaldıqca, 1.17 və 1.15$-a kimi ucuzlaşa biləcəyi proqnozlarını gücləndirir.
Bu həftənin cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq, ABŞ-ın əmək bazarı ilə bağlı önəmli statistik məlumatların da dünya birjalarında qiymətlərə güclü təsir edə biləcəyi gözlənilir.
GBP
GBP/USD məzənnəsi isə keçən həftə 1.35$-dan çox bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Beləliklə, funt/dollar qiyməti 1.35$-ın altında qaldıqca, 1.33$-a kimi də ucuzlaşa bilər.
Qeyd etmək lazımdır ki, bazar ertəsi İngiltərə baş naziri Tereza Mey ilə Avropa Komissiyasının sədri Yunkerin görüşü də, “BREXIT” prosesi fonunda investorların diqqət mərkəzindədir.
TRY
USD/TRY məzənnəsi bazar ertəsi yeni ticarət sessiyasına 3.9300TL-ə kimi bahalaşmaqla başlayıb. Qiymət üzrə təhlillərə əsasən, son günlər 3.90TL-ə kimi ucuzlaşan məzənnə, artım dalğasını 3.9380TL-ə kimi də davam etdirərsə, bahalaşma 3.9514TL-ə kimi də sürətlənə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-də Türkiyənin inflyasiya səviyyəsi açıqlanacaqdır və məlumatların məzənnəyə də güclü təsiri gözlənilir.
OIL
Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti 63.00$-ın üzərində ticarət edilməkdədir. Qiymət gələcək günlər ərzində 63.60$-a kimi bahalaşmaqla, bu səviyyənin üzərində möhkəmlənərsə, 64.04 və 64.52$-a kimi də dəyər qazana bilər.
Neft istehsalı və ixracı ölkələri tərəfindən “OPEC+” razılaşması müddətinin 2018-ci ilin sonuna kimi uzadılması qərarı da, neft qiymətlərinin daha da bahalaşa biləcəyi ehtimalları üçün önəmli zəmin yaradıb.
GOLD
Əlvan metallar bazarlarında isə cümə günü 1270$-a (40.8 $/qram) kimi dəyər itirən, qızılın bir unsiya üzrə qiymətinin təhlilləri onu göstərir ki, eniş dalğasının sürətlənməsi üçün qiymət 1269$-a (40.7 $/qram) kimi ucuzlaşmalı və bu səviyyənin altında qalmalıdır. Məhz bundan sonra qiymət 1245$-a (39.9 $/qram) kimi də dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_____________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.