Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Fond Birjası (BFB) “Vestmark Financial Leasing Investment Company” MMC-nin 2 mln. manat məbləğində istiqrazlarının ticarətinin dayandırılmasına dair qərar qəbul edib.
“APA-Economics”in məlumatına görə, bu barədə BFB-nin məlumatında qeyd edilir.
“Dekabrın 8-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) şirkətin istiqrazlarının dövriyyəsinin dayandırılmasına dair qərar qəbul edib. Bunun əsasında BFB “Vestmark Financial Leasing Investment Company”nin istiqrazları ilə ticarətin dayandırılmasını qərara alıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, QKDK 2013-cü ilin avqustun 29-da “Vestmark Financial Leasing Investment Company"nin 2 mln. manat məbləğində təmin olunmamış istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. İstiqrazların tədavül müddəti 720 gün, illik gəlirliliyi 14% təşkil edir.
Xatırladaq ki, "Vestmark Financial Leasing Investment Company" 2013-cü ilin yanvar ayında qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 1,2 mln. manata bərabərdir, səhmdarı 1 fiziki şəxsdir.