Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Fitch” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin beynəlxalq bazarlarda yerləşdirəcək istiqrazlarının reytinqinin “BB+” səviyyədə olacağını müəyyənləşdirib.
“APA-Economics” reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, istiqrazlar üzrə yekun reytinq son sənədləşməyə uyğun olaraq məlum olacaq.
Agentlik istiqrazların dövlət zəmanəti ilə yerləşdiriləcəyinə diqqət yetirir: "İstiqrazların reytinqi Azərbaycanın suveren reytinqi, "Cənub Qaz Dəhlizi" QSC-nin dövlətə məxsus olması faktorları, hökumətlə sıx maliyyə inteqrasiyası və ölkənin inkişafında “Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyətə malik olması ilə əlaqəlidir".
Agentliyin analitikləri hesab edir ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın uzunmüddətli makroiqtisadi stabilliyi baxımından strateji əhəmiyyət daşıyır.