"Muğanbank" ASC tərəfindən buraxılmış borc qiymətli kağızları 31 dekabr 2016-cı il tarixinə cəmi 4,77 mln. manat üzrə borc qiymətli kağızlarını əks etdirir. "APA-Economics" xəbər verir ki, bu barədə bankın 2016-cı il üzrə audit hesabatında deyilir.
2015-ci ilin sonuna bu göstərici 32,252 mln. manat təşkil edib.
Həmin kağızların (4,77 mln. manat - red.) 502 min manat təşkil edən hissəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş bank tərəfindən hər birinin dəyəri 50 min manat olan illik 2% dərəcə ilə buraxılıb. Qeydiyyatdan keçirilmiş istiqrazların sahibləri ödənişi tələb etmək hüququna malikdirlər. Hər iki halda istiqrazların ikinci bazarda alışı və satışı üzrə məhdudiyyətlər mövcud deyil.
31 dekabr 2014-cü il tarixinə "Muğanbank" BCP Qiymətli Kağızları və "BNP Paribas" (Böyük Britaniya) təşkilatlarının dəstəyi ilə özəl yerləşdirmələr vasitəsilə 50 mln. dollar dəyərində Avro Kommersiya Borc Qiymətli Kağızları Proqramına (ECP Proqramı) qoşulub.
30 iyun 2015-ci il tarixində "Muğanbank" 13,8 min dollar məbləğində 1 illik ödəniş müddətli və 11,18% illik orta faiz dərəcəsi olan avro valyutada borc qiymətli kağızlar buraxıb. Həmin borc qiymətli kağızları üzrə faiz dərəcəsi illik olaraq ödənilməlidir.
Əlavə olaraq, 2013-cü il ərzində "Muğanbank" ASC və "LCD" ASC (Latviyanın Mərkəzi Depozitariyası) arasında bağlanmış müqaviləyə uyğun olaraq, bank hər birinin dəyəri 1000 dollar təşkil edən və ödəniş tarixi 5 mart 2016-cı il olan illik 11% dərəcəli 7000 borc qiymətli kağız buraxıb. 5 mart 2016-cı il tarixində "Muğanbank" cari istiqrazların tam məbləğini ödəyib.
Buraxılmış borc qiymətli kağızlarına 31 dekabr 2016-cı və 2015-ci il tarixlərinə müvafiq olaraq, 325 min manat və 1,676 min manat məbləğində ödəniləcək yığılmış faizlər daxil edilib.