Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Astanada 3-cü Qlobal Elektron Hökumət Forumunda iştirak edir. "Davamlı inkişaf üçün ağıllı idarəetmə: şəbəkə cəmiyyətində əməkdaşlığın yeni imkanları” adlı mövzunu əhatə edən tədbirə 70 ölkədən 300-ə yaxın ekspert, alim və dövlət xadim də qatılıb.
“APA-Economics”in Qazaxıstanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Forumda “Ağıllı hökumətin tendensiyaları və yaranan problemləri”, “Dövlət xidmətlərinə çoxkanallı girişin təminatı”, “Dövlət idarəçiliyinə əhalinin cəlb edilməsi” və “Rəqəmli bərabərsizliyin ixtisarı” mövzularında sessiyaların da keçirilməsi nəzərdə tutulur.
“Elektron imkanlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən E. Vəlizadə Azərbaycanda bu sahədə görülən işlər barədə geniş məlumat verib. O, bildirib ki, mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan elektron hökumət portalının artıq 500-dən çox qəbul olunmuş xidmətlərinin 400-ü istifadəyə verib.
İştirakçı dövlətlərin nazirlər toplantısında da çıxış edən E. Vəlizadə Azərbaycan modeli ilə bağlı məlumat verərək, ölkəmizin son 10 ildə bu sahədə mühüm nailiyyətlər əldə etdiyini bildirib. Qeyd edib ki, BMT-nin elektron hökumət üzrə son hesabatında Azərbaycan 28 pillə irəliləyərək 193 ölkə arasında 68-ci yerdə qərarlaşıb. Azərbaycan peykinin orbitə çıxarılması qazanılan nailiyyətlər arasında xüsusi yer tutur.
Forum işini bu gün yekunlaşdıracaq.