Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin yanvarın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Bakı Fond Birjasının (BFB) müraciətinə əsasən BFB-yə depozitar və klirinq fəaliyyəti üçün verilmiş lisenziyalar ləğv edilib.
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin sentyabr ayından etibarən dövlət qiymətli kağızların saxlanılması və bağlanılmış əqdlər üzrə klirinq və hesablaşmalar üzrə xidmətlərin göstərilməsi BFB-dən Milli Depozit Mərkəzinə keçib.
Bu proseslər, Azərbaycan prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulan strateji xəttə uyğun həyata keçirilib. Belə ki, qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə MDM-in bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sistemi yaradılıb.
Nəticədə qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sisteminin yaradılması və onun elektron ödəniş sistemlərinə inteqrasiyası təmin edilib.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 1 fond birjası və 1 klirinq fəaliyyəti, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.