Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mütəşəkkil bazarda bağlanılan əqdlər üzrə qiymətin formalaşması prosesinin şəffaflığının artırılması və ticarət zamanı sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində görülən işlərin davamı olaraq Bakı Fond Birjası tərəfindən “Bakı Fond Birjasında kross əqdlərin bağlanılması qaydaları”na dəyişiklik edilib.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, qaydalara edilmiş dəyişikliklərə əsasən, kross sifarişlərin bazar iştirakçılarına açıqlanması üçün nəzərdə tutulmuş 30 (otuz) dəqiqə gözləmə müddəti dəyişdirilərək 60 (altmış) dəqiqə müəyyən edilib. Bu müddət ərzində bazar iştirakçıları kross sifarişləri təqdim etmiş birja üzvündən daha rəqabətli qiymət təklifləri ilə ticarətdə iştirak edə bilərlər.
Qeyd edək ki, kross əqd birja üzvünün eyni bir əqd üzrə həm alıcı, həm də satıcı qismində çıxış etdiyi əqdlərdir. Yenilənmiş qaydalar BFB-nin veb saytının (www.bfb.az) “BFB-nin təlimat və qaydaları” bölməsində yerləşdirilib.