Bakı. Vahab Rzayev – APA-Economics. Martın 27-dg Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 16 264 bəndədək, S&P 500 0,2% - 1 849 bəndədək, Nasdaq 0,5% - 4 151 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, yekun hesablamalara görə, ötən ilin IV rübündə iqtisadi artım 2,6% təşkil edib, bu isə proqnozlardan 0,1 faiz bəndi aşağı olub. Bundan başqa, təkrar mənzil bazarında əqdlərin sayı fevralda 0,8% azalıb, işsizlik üzrə ilkin müraciətlərin sayı isə ötən həftə ərzində 311 min təşkil edib ki, bu da 4 aylıq minimumdur.
Avropa fond bazarlarında martın 27-də FTSE 100 indeksi 0,3% - 6 588 bəndədək enib, Almaniya DAX-ı 0,03% - 9 451 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,1% - 4 379 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 294,30 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3750 dollar (-0,3%) təşkil edir.