Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 471 bəndədək, S&P 500 0,3% - 1 681 bəndədək, Nasdaq 0,3% - 3 610 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bəyanatı təsir edib. Belə ki, o, Konqresdə çıxış edərkən iqtisadiyyatın tədricən bərpasına baxmayaraq, bəzi sahələrdə hələ də problemlərin qaldığını bəyan edib. Bu, ilk növbədə əmək bazarına aiddir və bu problemləri aradan qaldırmaq üçün requlyator iqtisadiyyata dəstək proqramını davam etdirəcək. Nəticədə, bazar iştirakçıları tərəfindən bu bəyanat müsbət qarşılanıb.
Avropa fond bazarlarında iyulun 17-də FTSE 100 indeksi 0,2% - 6 572 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 255 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 872 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 277,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3098 (-0,2%) dollar təşkil edir.