Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 15 011 bəndədək, S&P 500 0,4% - 1 664 bəndədək, Nasdaq 0,5% - 3 658 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə bazar iştirakçıları arasında iqtisadiyyatın stimullaşdırılması proqramının bağlanmayacağına dair ehtimallar səbəb olub.
Bu ehtimallar isə öz növbəsində iqtisadiyyatın bəzi sahələr üzrə mənfi statistikası səbəbindən yaranıb. Məsələn, yeni evlərin satışı ötən ay ərzində 13,4% enib. Ümumilikdə, investorlar belə statistik göstəriciləri əsas götürərək faiz dərəcələrinin yüksəlməsi təqdirdə istehlak bazarında və biznes mühitində baş verəcək dəyişiklikləri təhlil edirlər və onların fikrincə, bu dəyişikliklər mənfi olacaq.
Avropa fond bazarlarında avqustun 23-də FTSE 100 indeksi 0,7% - 6 492 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 417 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 070 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 395,8 dollar bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3379 dollar təşkil edir.