Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 947 bəndədək, S&P 500 0,4% - 1 657 bəndədək, Nasdaq 0,01% - 3 658 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə makroiqtisadi göstəricilər və dövlət katibi Con Kerrinin bəyanatı təsir edib. C.Kerri bəyan edib ki, ABŞ Suriyada kimyəvi silahın istifadə edilməsinin sübutlarını beynəlxalq ictimaiyyətə təqdim etmək niyyətindədir. Eyni zamanda, Dövlət Departamentin nümayəndəsi Meri Harf bildirib ki, ABŞ Suriya problemi ilə bağlı müxtəlif həll variantlarına, o cümlədən hərbi müdaxilə variantına baxır.
Avropa fond bazarlarında avqustun 26-da FTSE 100 indeksi 0,7% - 6 492 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 435 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,1% - 4 067 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 397,1 dollar bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3375 dollar təşkil edir.