Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 16 133 bəndədək, S&P 500 0,6% - 1 840 bəndədək, Nasdaq 0,7% - 4 268 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da fond indekslərinin yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib. O cümlədən, sənayedə işgüzarlıq fəallığı indeksi fevralda 53,7 bənddən 56,7 bəndədək artıb, işsizlik üzrə ilkin müraciətlərin sayı isə ötən həftə 3 min azalıb.
Avropa fond bazarlarında fevralın 20-də FTSE 100 indeksi 0,2% - 6 813 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,4% - 9 619 bəndədək enib, Fransa CAC-40-ı isə 0,3% - 4 356 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 317,40 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3715 dollar (-0,3%) təşkil edir.