Bakı - APA-Economics. ABŞ-da may ayı ərzində qeyri-aqrar sektorda 38 min yeni iş yeri yaradılıb.
"APA-Economics" ABŞ-ın Əmək Nazirliyinin açıqladığı rəsmi statistikaya istinadən xəbər verir ki, bununla da işsizliyin səviyyəsi 4,7%-ə enib. Martda və apreldə bu göstərici 5% səviyyəsində olub.
Maraqlıdır ki, ekspertlər mayda 164 min yeni iş yerinin yaradılmasını proqnozlaşdırıb. Beləliklə, yeni iş yerlərinin yaradılması templəri 2010-cu ilin sentyabr ayından bəri ən pis nəticəyə imza atıb.
"APA-Economics"in proqnozlarına əsasən, bu, dolların zəifləməsinə səbəb olacaq. Artıq proses bu istiqamətdə getməyə başlayıb. Belə ki, xəbər yazıldığı vaxtda EUR/USD cütü 1,1265 səviyyəsində olub. Halbuki, statistika açıqlanan zaman bu göstərici 1,158 səviyyəsində idi.
Onu da qeyd edək ki, vəziyyətin bu istiqamətdə dəyişməsi ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iyunun 14-15-də keçirəcəyi iclasda uçot dərəcəsinin artırılması ilə bağlı qərarına təsir edə bilər. Belə ki, iqtisadi artım tempi FED-in proqnozlaşdırdığı kimi deyil. Belə ki, Əmək Nazirliyinin açıqladığı statistikada qeyd edilib ki, əhalinin iqtisadi fəal hissəsinin payı 62,8%-dən 62,6%-dək enib. Göründüyü kimi, artıq dolların tənzimləyici tərəfindən bahalaşdırılması ehtimalı 50/50-ə düşüb.
Üstəlik, böyük ehtimalla, FED qarşıdan gələn iclasından 1 həftə sonra Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçiriləcək referendumun (bu proses "Brexit" kimi qələmə verilir) qlobal iqtisadiyyata təsirini analiz edəcək. Bildiyimiz kimi, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarı az deyil. Britaniya Avropa İttifaqından qopsa, bu, qlobal iqtisadiyyat üçün kollapsla nəticələnə bilər. Belə olan halda, FED-in riskə gedərək dolları bahalaşdıracağı inandırıcı deyil. Sadə dillə desək, "Brexit" baş tutarsa, dollar onsuz da avroya qarşı möhkəmlənəcək.