Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sistemi istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
"APA-Economics" xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Bəxtiyar Əzizovun sözlərinə görə, "Kapital bazarlarının müasirləşdirilməsi layihəsi" “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində həyata keçirilən hərtərəfli bir proqramdır. Aparat rəhbəri bildirib ki, layihə Azərbaycan hökuməti, Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) tərəfindən maliyyələşdirilib: "Qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin yaradılması bazar infrastrukturunun sadələşdirilməsi və avtomatlaşdırılmasına xidmət edəcək: "Bu komponentlərin əsas məqsədi bazar iştirakçıları arasında ümumi interfeysin yaranması, bazar infrastrukturunun sadələşdirilməsidir. 2014-cü il ərzində qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin satınalması həyata keçirilib. Satınalmada maraqlı olan 22 şirkət iştirak edib. Sonra Pakistan və Koreya şirkəti növbəti mərhələyə adlayıb və nəticədə Koreya Fond Birjası qalib olub. 2015-ci ilin fevralın 15-də layihə planı imzalanıb və işlərə start verilib. Əldə olunmuş razılığa əsasən, Koreya Birjasının 40 nümayəndəsi Bakıya ezam olunub və onlar layihə çərçivəsində əməkdaşlarımıza treninq keçiblər".
B. Əzizov qeyd edib ki, bu sistem Azərbaycanda fond bazarının daha da inkişafına imkan verəcək və yeni alətlərin yaranmasına şərait yaradacaq.
Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyu bildirib ki, müasir kapital bazarının inkişafı bütün sahələrdə inkişafı təmin edir: "Azərbaycanın kapital bazarında müasirləşmə bu sahənin daha da inkişafına şərait yaradacaq".
Koreya Birjasının daimi nəzarət müfəttişi Yanq Sanq Kvon qeyd edib ki, bu layihə Azərbaycanın kapital bazarlarının təkmilləşdirilməsi çərçivəsində həyata keçirilib. Onun sözlərinə görə, sistemin qurulması zamanı Azərbaycan qiymətli kağızlar bazarının tələbləri də nəzərə alınıb və sistem bu tələblərə uyğunlaşdırılıb: “gələcəkdə də bu sahədə əməkdaşlığımızı davam etdirəcək və biznes imkanlarının yaranmasına öz töhfəmizi verəcəyik. Gələcəkdə kapital bazarının daha da inkişaf etməsi üçün treninqlər davam etdirəcək. Bununla da Azərbaycanda kapital bazarının daha da təkmilləşdirilməsinə nail olacağıq. Kapital bazarının inkişafı ölkə iqtisadiyyatının davamlı inkişafına təkan verəcək”.
Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl sektor üzrə əlaqəlandiricisi Anjela Priqojina isə bildirib ki, bu layihə qısa müddətdə uğurla həyata keçirilib: “Düşünürəm ki, bu çox əhəmiyyətli bir layihədir. Azərbaycan regionda kapital bazarının inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirən ən qabaqcıl ölkədir. Bu yeni müasir informasiya kommunikasiyanın qurulması mühüm bir elementdir. Bu kapital bazarının effektiv və səmərəli işləməsinin təməlidir. Bu sistem Azərbaycanın kapital bazarının inkişaf etdirilməsində mühüm elementdir. Bu, Azərbaycan iqtisadiyyatına yeni investisiyaların yatırılmasına gətirib çıxaracaq. Eyni zamanda, Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarına çıxışını təmin edəcək”.
Tədbir çərçivəsində qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin qurulması ilə məşğul olan işçi qrup mükafatlandırılıb.
Daha sonra QKDK sədri Rüfət Aslanlının iştirakı ilə qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sistemi istifadəyə verilib.