Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarını təsdiq edib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarını təsdiq edib
# 12 yanvar 2016 15:42 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu - APA. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar qiymətli kağızlar bazarında ticarətsonrası sistemə dair tələbləri, habelə klirinq fəaliyyətinin həyata keçirilməsi qaydasını müəyyən edir və notariat qaydasında icra edilmiş əqdlərə şamil olunmur.

Klirinq qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablamalar sistemidir. Ölkə daxilində klirinq hesablama ödəmələri vasitəsilə yerinə yetirilən banklar arasında nağdsız hesablamalar sistemini özündə əks etdirir. Başqa sözlə, klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Qaydada qeyd edilib ki, klirinq fəaliyyəti klirinq prosesinin iştirakçılarının qarşılıqlı öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması və tələblərin əvəzləşdirilməsi fəaliyyətidir. Nettinq klirinq üzvlərinin digər üzvlərə göndərdiyi və ya onlardan aldığı köçürmə sifarişlərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsidir. Mərkəzi kontragent isə müqavilə əsasında tərəflərin qarşılıqlı hüquq və vəzifələrini öz üzərinə götürməklə hər satıcı üçün alıcı və hər alıcı üçün satıcı kimi çıxış edən klirinq təşkilatıdır.

Qaydaya əsasən qiymətli kağızların, törəmə maliyyə alətlərinin və pul vəsaitlərinin çatdırılması və onların qəbul edilməsi, ödənişlərin həyata keçirilməsi və ya qəbul edilməsi, öhdəliklərinin yerinə yetirilməsi məqsədilə klirinq təşkilatı fond birjası, mərkəzi depozitar, investisiya fondunun depozitarı, klirinq təşkilatının üzvü olan bank və investisiya şirkətləri ilə kollektiv müqavilə bağlamalıdır. Klirinq təşkilatı qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə ticarət edə, onlarla ticarətə və investisiyalara dair məsləhətlər verə və onların üstünlükləri ilə əlaqədar fikir formalaşdıra bilməz. Klirinq təşkilatının üzvləri tərəfindən əqdlər qiymətli kağız, törəmə maliyyə alətləri və pul vəsaitlərinin mübadiləsi ilə icra edilir. Klirinq təşkilatı yalnız mərkəzi depozitarda saxlanılan qiymətli kağızlar üzrə əməliyyatlar həyata keçirir.

Klirinq təşkilatı hər bir üzv üzrə açıq mövqeləri (əqdin bağlanıldığı ticarət günü ilə əqdin icra olunması anınadək mövcud olan mövqe) ayrı-ayrılıqda üzvün öz adından həyata keçirilən birja əqdləri və birjadankənar əqdlər üzrə yaranan açıq mövqelər üçün “şəxsi hesab” və üzvün müştərisinin adından həyata keçirilən birja əqdləri və birjadankənar əqdlər üzrə yaranan açıq mövqelər üçün “müştəri hesabı” üzrə hesablamalıdır. Açıq mövqelər üzrə xalis pul vəsaitlərinin yekun hesablaşması klirinq təşkilatının üzvlərinin pul hesabları vasitəsi ilə həyata keçirilir. Klirinq təşkilatının üzvü olan bank klirinq hesabına hesablaşma günü açıq mövqelərinin hesablaşması üçün tələb olunan pul vəsaitlərinin qəbul edildiyinə dair təminat verməlidir.Bank üzvlərin əməliyyatları üzrə tələb edilən pul vəsaitlərinin klirinq təşkilatının hesabına köçürülməsini təmin etməlidir. Klirinq təşkilatının üzvü olan bank klirinq təşkilatının üzvünün ödənişini qəbul etməkdən imtina etdikdə və ya ödənişin qəbul edilməsi digər səbəblərdən mümkün olmadıqda, bu barədə klirinq təşkilatı dərhal xəbərdar edilməlidir.

Klirinq təşkilatının ən azı 3 üzvü olmalıdır. Klirinq təşkilatının üzvlərinə, habelə fond birjası və mərkəzi depozitarla münasibətinə dair tələblər klirinq təşkilatının daxili qaydalarında əks olunmalıdır. lirinq təşkilatı üzvlüyə qəbul etdiyi şəxslər barədə məlumatları 3 iş günü ərzində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim etməlidir. Klirinq təşkilatının ticarətsonrası sisteminə daxil olan köçürmə tapşırığı geri götürülə bilməz. Klirinq təşkilatının üzvünün müflis elan edilməsi prosesinin başlanmasından öncə ticarətsonrası sistemə daxil edilən bütün klirinq tapşırıqları icra edilməlidir. Klirinq təşkilatının üzvünün klirinq və hesablaşma zamanı hesablarında olan vəsaitlər aktivlər üzrə öhdəliklərin icra edilməsi üçün kifayət etmədikdə, klirinq təşkilatının üzvü öz öhdəliklərini icra etməmiş hesab edilir. Bu zaman klirinq təşkilatı dərhal Komitəyə bu barədə məlumat təqdim etməlidir. Öhdəlikləri icra etməyən klirinq üzvünün öz öhdəliklərini icra edənə qədər yeni əməliyyatlar aparmasına yol verilmir. Ticarətsonrası sistemdə klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirilərkən onların icra olunmaması risklərini azaltmaq məqsədi ilə aktivlərin zəmanətlə və girovla təmin edilməsi tətbiq edildikdə, həmin zəmanətlər və girov qeyd-şərtsiz, geri götürülən olmamalı və yalnız investisiya şirkəti öhdəliklərini icra etmədikdə istifadə edilməlidir. Klirinq təşkilatının borcları üzrə tələblər klirinq təşkilatının üzvlərinin aktivlərinə yönəldilə bilməz.

Klirinq təşkilatı effektiv və səmərəli xidmətlərin göstərilməsi üçün ticarətsonrası sistemi elektron formada qurmalı və idarə etməlidir. Klirinq təşkilatı informasiya təhlükəsizliyi riskini idarə edən etibarlı məlumat təhlükəsizliyi sisteminə malik olmalıdır. Bu sistemə informasiyanı icazəsiz açıqlamalardan qorumaq, məlumatların dəqiqliyini və tamlığını təmin etmək və klirinq təşkilatının xidmətlərinin mövcudluğuna zəmanət vermək üçün müvafiq mexanizmlər, qayda və prosedurlar daxildir. Klirinq təşkilatının ticarətsonrası sistemi klirinq təşkilatının əməliyyat ehtiyaclarına və klirinq təşkilatının əməliyyatlarının risklərinə uyğun şəkildə qurulmalı, çevik olmalı və lazım gələrsə, əlavə məlumatları emal etmək üçün genişlənə bilən olmalıdır. Klirinq təşkilatı hesablaşmanın təmini məqsədilə pul ödəniş sistemlərinə qoşulmalıdır. Mərkəzi depozitar klirinq fəaliyyəti ilə məşğul olduqda, klirinq fəaliyyətinin icrasına cəlb olunmuş şəxs (şəxslər) eyni zamanda mərkəzi depozitarın funksiyalarını icra edə bilməz. Klirinq təşkilatı tərəfindən risklərin idarəedilməsinin həyata keçirilməsi üçün müvafiq fəaliyyəti həyata keçirəcək struktur bölmə və ya səlahiyyətli şəxslər təyin edilməlidir. Klirinq təşkilatı klirinq təşkilatının daxili qaydaları, illik hesabatları və kənar auditor rəyi, klirinq təşkilatının üzvlərinin adları və xidmət haqları barədə məlumatları ictimaiyyətə açıqlanmalıdır. Ticarətsonrası sistemdə klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirilərkən onların icra olunmaması risklərini azaltmaq məqsədi ilə klirinq fondu yaradıldıqda, klirinq təşkilatının üzvü olan bütün investisiya şirkətləri klirinq fondunda iştirak etməlidir. Klirinq fondu tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına depozit qismində və ya onun qiymətli kağızlarına yatırılan vəsaitləri 100 faiz, hər bir kommersiya bankına depozit qismində yatırılan vəsaitlər isə 20 faizdən çox ola bilməz. Klirinq fondu tərəfindən hər bir emitent və ya xarici dövlətlərin qiymətli kağızları və törəmə maliyyə alətlərinə yatırılan vəsait 20 faizdən çox ola bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR