Vergi orqanlarının büdcədənkənar Fondunun vəsaitlərindən istifadə qaydası müəyyənləşib

Vergi orqanlarının büdcədənkənar Fondunun vəsaitlərindən istifadə qaydası müəyyənləşib
# 12 avqust 2016 22:48 (UTC +04:00)

Fondun vəsaitlərinin bir hissəsi vergi orqanlarının işçiləri üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə xərclənəcək

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qayda Azərbaycan Respublikası vergi orqanlarının büdcədənkənar Fondunun formalaşdırılması, smetasının tərtibi və təsdiq olunması ilə bağlı məsələləri, habelə Fondun vəsaitlərindən istifadə qaydalarını müəyyən edir.

Fondun vəsaitləri vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşır və vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə istifadə edilir. Fondun vəsaitləri Vergilər Nazirliyinin operativ sərəncamında olur və istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz. Fonda vəsaitin ayrılması vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi həcmində hesabat dövrünün faktiki mədaxillərinin azaldılması hesabına həyata keçirilir. Bu azalma neft sektoru üzrə daxilolmalardan bu sektor üzrə daxilolmaların ümumi daxilolmada xüsusi çəkisinə uyğun aparılır. Fondun gəlirlərinin və xərclərinin məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır. Növbəti il üzrə Fondun gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə, cari ilin iyul ayının 1-dək təqdim edilir. Maliyyə Nazirliyi cari ilin iyul-avqust aylarında Vergilər Nazirliyi ilə növbəti il üçün Fondun gəlirlərinin və xərclərinin layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələrinə uyğun olaraq gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) protokolla rəsmiləşdirilir. Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 10 gün müddətində protokolla rəsmiləşdirilmiş Fondun gəlir (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərc (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir. Büdcə ilinin hər ayı üzrə dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 50 faizi Vergilər Nazirliyinin müraciəti daxil olduqdan sonra 10 iş günü müddətində Maliyyə Nazirliyi tərəfindən xüsusi hesaba köçürülür.

Fondun vəsaitinin vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına, işçilərin həvəsləndirmə tədbirlərinə, işçilərə maddi yardımın göstərilməsinə, vergi orqanlarının işçiləri üçün səhiyyə xidmətlərinin təşkili, müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə, vergi orqanlarının işçiləri üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə xərclənir. Vergi orqanlarının işçilərinin kollektiv mükafatlandırılması işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi, qanunla müəyyən edilmiş milli bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar hallarda həyata keçirilir. Vergi orqanlarının işçilərinin fərdi mükafatlandırılması vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi, rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və normativ-hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi hallarında həyata keçirilir. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Azərbaycan Respublikasının vergilər naziri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandıra bilər. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər. Fondun vəsaitlərinin toplanmasına və həmin vəsaitlərdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR