Gədəbəyə yağan dolu fəsadlar törədib

Gədəbəyə yağan dolu fəsadlar törədib
# 06 iyun 2016 15:13 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli - APA. Gədəbəyə yağan dolu bir sıra kəndlərdə fəsadlar yaradıb. Gədəbəy rayon İcra Hakimiyyəti aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, son 15-20 gün ərzində əlverişsiz hava şəraiti nəticəsində rayonun bır sıra kəndlərinə leysan və dolu yağıb. Təbiət hadisəsindən daha çox ziyan çəkən isə rayonun Qoşabulaq, Xarxar, Samanlıq və Pərizamanlı kəndləridir. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, iyunun 4-nə kimi təbii fəlakətdən ziyan çəkən təsərrüfatların sayı müəyyənləşib. Məlum olub ki, dolu nəticəsində Qoşabulaq kəndində 71, Xarxar kəndində isə 40 fərdi yaşayış evinin dam örtüyü zədələnib.

Bundan başqa, kənd sakinlərinin əkin sahələri də yararsız hala düşüb. Bəzi kəndlərdə kələm, lobya, kartof, taxıl sahələri tamamilə məhv olub, meyvə bağlarına da dolu ciddi ziyan vurub. Həmçinin ev heyvanlarının da yağan dolu nəticəsində tələf olduğu bildirilir. Fövqəladə Hallar Komissiyasından bildirilib ki, ötən gündə rayonun Aşağı Qoşabulaq və ona yaxın yaşayış məntəqələrində yenidən dolu yağıb və yaranan fəsadların miqyası genişlənib. Hazırda komissiya tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR