YAP Qadınlar Şurasının yaradılmasının 20 illiyi ilə bağlı konfrans keçirilib

YAP Qadınlar Şurasının yaradılmasının 20 illiyi  ilə bağlı konfrans keçirilib
# 30 noyabr 2015 14:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının yaradılmasının 20 illiyi ilə bağlı “Uğurdan-uğura 20 il” adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva YAP-ın yaranması və inkişaf tarixindən danışıb. O deyib ki, heç bir müsəlman ölkəsində qadınlar Azərbaycandakı kimi fəal deyil.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, tale və tarix bu partiyanın üzərinə məsuliyyət qoyub və bu gün yalnız uğurlardan danışmaq olar: “Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə uğurla irəliləyən bütün Azərbaycan vətəndaşlarını uğurdan uğura aparır. Bu gün YAP sıralarında yüz minlərlə qadın cəmləşir, öz fəaliyyətləri ilə Azərbaycana xidmət edirlər. Heydər Əliyev yolunda YAP Qadınlar Şurasının hər bir üzvünə uğurlar arzulayıram”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, YAP Qadınlar Şurası cəmiyyətimizin inkişafına mühüm töhfə verir. O, bu gün yarım milyon üzvü olan YAP-ın üzvlərinin 43 faizindən çoxunu qadınlar təşkil etdiyini nəzərə çatdırıb. H. Hüseynova Dövlət Komitəsi adından qadın hüquqları sahəsində siyasi fəaliyyətinə görə YAP Qadınlar Şurasına mükafat da təqdim edib.

Daha sonra YAP Qadınlar Şurasının bir qrup üzvünə mükafatlar təqdim olunub.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, YAP Qadınlar Şurasının yaranması partiya tarixində əlamətdar hadisədir: “Qadınlar da partiya sıralarında olmağa can atırdı. Ona görə də YAP Qadınlar Şurasının yaranması ehtiyacı yaranmışdı. YAP-ın xətti ilə bir çox qadınlar ictimai-siyasi həyatda aktiv iştirak etmək imkanı qazanıblar və tarix YAP Qadınlar Şurasının yaradılmasının necə uğurlu addım olduğunu sübut edib. Qadınlar Şurası yaranmasaydı, bugünkü qüdrətli siyasi təşkilat səviyyəsinə çata bilməzdi. Qadınlar getdikcə ictimai-siyasi həyatda daha aktiv iştirak edirlər. Azərbaycan qadınları elm və ictimai həyatın bütün sferalarında çalışır və ölkəmizin inkişafına böyük töhfələr verirlər. Bundan sonra ölkəmizin ictimai-siyasi həyatında YAP Qadınlar Şurasında təmsil olunan qadınların rolu daha da artacaq. Qadınların ictimai-siyasi sferada rolunu artırmağa ehtiyac var. Azərbaycandan xaricdə cərəyan edən hadisələr fonunda qadınların gənc nəslin tərbiyəsində rolunun artırılmasına ehtiyac var”.

Daha sonra yubiley münasibətilə təşkil olunmuş konsert proqramı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR