ABŞ Dövlət Departamenti: “İŞİD”i geriyə oturtmaq üçün quru əməliyyatına ehtiyac var

ABŞ Dövlət Departamenti: “İŞİD”i geriyə oturtmaq üçün quru əməliyyatına ehtiyac var
# 16 oktyabr 2014 08:35 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. “ABŞ Suriyanın Kobani bölgəsində “İslam Dövləti” qruplaşmasının mövqelərinə hava zərbələri endirməyə davam edir, lakin bu qruplaşmanı geriyə oturtmaq üçün qurudan da tədbirlərə ehtiyac var”. APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu departamentin sözçüsü Ceyn Psaki bildirib. O, Türkiyənin Kobanidən qaçqınları qəbul etdiyini və ərazidə əsasən döyüşçülərin qaldığını deyib: “Biz diqqətimizi əsasən hava hücumlarına cəmləmişik, sonra hansı addımlar atılacağını deyə bilmərəm”.

Pentaqon sözçüsü Con Kirbi isə bəyan edib ki, son 48 saat ərzində Kobani ətrafında “İŞİD” mövqelərinə 40-dan çox hava zərbəsi endirilib və yüzlərlə qruplaşma üzvü öldürülüb. C. Kirbi qeyd edib ki, Kobaninin “İŞİD” tərəfindən ələ keçirilməsi təhlükəsi böyükdür: “Əgər Kobani “İŞİD”in əlinə keçərsə, bu, bizim üçün uğursuzluq olar. Onlar ərazi qazanmaq istəyir, kürd silahlıları isə müqavimət göstərir. Hava zərbələrimizlə onlara kömək etməyə çalışırıq”.

Lakin Pentaqon rəsmisi əlavə edib ki, “İŞİD”in uğur qazanacağı ehtimalına da hazır olmaq lazımdır. Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Qərargahından (CENTCOM) və Avropa Komandanlığından (EUROCOM) nümayəndələr Ankarada səfərdədir, hazırda Türkiyənin koalisiyada nə şəkildə iştirak edə biləcəyi ilə bağlı danışıqlar aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR