DSMF Zaqatalada regional “Açıq qapı günü” keçirib - FOTO

DSMF Zaqatalada regional “Açıq qapı günü” keçirib  - <span style="color: red;">FOTO
# 14 noyabr 2014 10:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) Zaqatalada “Açıq qapı günü” vətəndaş forumu keçirib. “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” adlı regional tədbirdə Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.

DSMF-in mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, regional tədbirdə çıxış edən fondun şöbə müdiri Məmməd Nuriyev bildirib ki, hazırda respublikada əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir. Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm DSMF-nin saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsi ilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.

Regional forumda qeyd olunub ki, 2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2 faiz artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 912 minə yüksəlib.

Təqdimatla çıxış edən DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclı diqqətə çatdırıb ki, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. R.Oruclı həmçinin qeyd edib ki, DSMF-nin internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Bundan əlavə pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən Fondun 190 çağrı mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə, real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı yaradılıb.

Regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR