Azərbaycan taekvondoçuları Rusiyada 3 medal qazanıblar

Azərbaycan taekvondoçuları Rusiyada 3 medal qazanıblar
# 16 sentyabr 2013 10:17 (UTC +04:00)

Bakı-APA. Çelyabinsk şəhərində taekvondo üzrə keçirilən Rusiya açıq çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Dünya Taekvondo Federasiyasının (DTF) G-1 kateqoriyalı 3-cü beynəlxalq turnirində millimiz 2 gümüş və 1 bürünc medal qazanıb.

Belə ki, milli komandamızın baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə turnirə qatılan idmançılardan Samir Cavadlı (58 kq) Nikita İvaşın, Ten Li En, İlya Poskotinovu (hər üçü Rusiya) məğlub edərək, finala yüksəlib. Lakin o, bu uğurunu həlledici görüşdə davam etdirə bilməyib. Finalda yerli Zanat İskakova (RUS) məğlub olaraq, yarışı gümüş medalla başa vurub.

Ceyhun Həsənli (87 kq) də finala kimi inamla irəliləyib. Təmsilçimiz Serqey Avaçevlə İvan Bukonovu (hər ikisi Rusiya) məğlub etsə də, həlledici qarşılaşmada özbəkistanlı Cəsur Baykuziyevə məğlub olub.

Komandamızın digər üzvü - Samir Aydınov (54 kq) isə Sultan Sanzar (Qazaxıstan) və Aleksandr Lastovkaya (Rusiya) qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Lakin finala vəsiqə uğrunda döyüşdə Qazaxıstan idmançısı Salamat Baybatrova məğlub olan taekvondoçumuz bürünc medalla kifayətlənib.

Qeyd edək ki, millimiz vətənə sentyabrın 18-də dönəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR