İranın xarici işlər naziri videomüraciət yayıb

İranın xarici işlər naziri videomüraciət yayıb
# 20 noyabr 2013 10:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələrindən əvvəl videomüraciət yayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, M.C.Zərif “YouTube” saytında “İranın mesajı: İrəliyə doğru bir yol var” adı ilə paylaşdığı videomüraciətində bildirib ki, təzyiqlərin sonadək qalmayacağına və başqalarına əvəz ödətdirməklə irəliləyiş əldə olunmayacağına inanmaq lazımdır: “Ona görə də ya birlikdə qazanacağıq, ya da birlikdə itirəcəyik. Halbuki bu gün müvəffəqiyyətin sirri müvazinətin qorunub saxlanılmasındadır. Qürur nədir? Hörmət nədir? Bu anlayışların müzakirə edilməsinə ehtiyac varmı? Bu anlayışlara dəyər ölçülə bilərmi? Hər kəsin etdiyi bir işi sizin etməməyiniz lazım olduğunu düşünün. Digərlərinin görməsinə icazə verilən bir işə görə siz güzəştə gedərdinizmi? Yoxsa öz haqqınızda israrmı edərdiniz? Öz taleyimizi müəyyənləşdirməkdə hamımız azad iradəyə sahibik. Bu, inad etmək və ya digərlərinin fikirlərini qəbul etməmək mənasını vermir. Azad iradə hamımızın təbiətində var. İranlıların kollektiv tələblərinin təbiəti son əsr içərisində meydana gəldi. Zülmə qarşı dayanmaq, iradəmizi azadlaşdırmaq və hörmət tələb etmək... Zamanla əllərimizi birləşdirdik”.

İran XİN rəhbəri deyib ki, iranlıların yer kürəsinin digər yerlərində bu haqlara sahib insanlardan fərqi yoxdur: “Biz də qürurumuza hörmət göstərilməsini tələb edirik. Bu, iranlılar üçün xüsusi nüvə enerjisi klubuna üzv olmaq və ya digərləri üçün təhdid meydana gətirmək mənasını daşımır. Nüvə enerjisi bir çevrilmədir. Başqalarının bizim adımıza qərar verməsi yerinə öz taleyimizi müəyyənləşdirməyə istiqamətli bir hərəkətdir. Nüvə enerjisi bizim üçün uşaqlarımızın gələcəyini zəmanət altına almaq deməkdir. İqtisadiyyatımızda müxtəliflik meydana gətirmək, neftimizin hədər getməsini maneə törətmək və təmiz enerji istehsal etmək mənasını daşıyır. İran xalqı üçün də sülh, inkişaf və rifah kimi qələmə verilən nüvə enerjisi müasir dünyaya istiqamətli bir addımdır. Əgər sizə belə bir variantınız olmadığı deyilsəydi, nə edərdiniz? Güzəştəmi gedərdiniz? Haqq verilmir. Ona görə də qanuniləşdirilə bilməz. Ancaq bu da çıxılmaz duruma düşmək mənasına gəlmir. İrəliyə doğru bir yol var. Sülhü qorumaq, irəliləmək və öz taleyimizi müəyyənləşdirmək üçün konstruktiv yol. İrəliyə yönəlik bir yol. Yeganə variant təslim olmaq, ya da qarşı-qarşıya gəlmək deyil”.

M.C.Zərif videomüraciətinin sonunda vurğulayıb ki, bu ilin yayında İran xalqı prezident seçkisi zamanı konstruktiv yola səs verərək, dünyaya da mövcud gedişatı dəyişdirmək üçün tarixi bir fürsət verib: “Bu fürsətdən yararlanmaq, bərabər şərtlər, qarşılıqlı hörməti seçmək və bütün insanların qürurunu rəsmi şəkildə tanımaq və bütün bunlardan da ən əhəmiyyətlisi heç bir gücün hər nə qədər güclü olursa-olsun, digərlərinin taleyini müəyyənləşdirə bilməyəcəyi gerçəyini qəbul etməklə mümkündür. Bu nöqtədə seçmə şansımız yox, hamımız ortaq taleyimizi, ortaq problemlərimizi və ortaq fürsətlərimizi ağıllı şəkildə dərk etməliyik. Dürüst bir dialoq və həqiqi etimad bərabər şərtlər, qarşılıqlı hörmət və ortaq mənafelərə və hər şeydən əvvəl hər kəs üçün qürur qanununa bağlıdır. Biz öz xalqımıza və dünyaya bu mövzuda söz verdik və sözümüzə hər zaman sadiq qalacağıq. İran xalqı bu yeni kəşf yolunu davam etdirməkdə qərarlıdır. Gəlin və zərurəti olmayan bu böhranı sonlandırmaqda və yeni üfüqlər açmaqda birlik içində olaq. Mən Məhəmməd Cavad Zərif bu yolda varam və bu, İran xalqının mesajıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR