Cəmil Hacıyev: “ADP-də demokratiya yox, diktatura mövcuddur”

Cəmil Hacıyev: “ADP-də demokratiya yox, diktatura mövcuddur”
# 04 iyun 2013 11:02 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Cəmil Hacıyev partiyanın İdarə Heyətinin qərarlarını pozduğuna, bu əmrin əleyhinə təbliğat apardığına görə Azərbaycan Demokrat Partiyası Gənclər Komitəsinin sədri və İdarə Heyətinin üzvlüyündən çıxarılıb”. Bunu APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, C.Hacıyevin Gənclər Komitəsinin sədri vəzifədən uzaqlaşdırılmasında ölkə qanunvericiliyini tələbləri də rol oynayıb: “Onun yaşı 35-i keçib. Artıq Gənclər Komitəsi ilə əlaqə qura bilmirdi, gənc üzvlərlə münasibət saxlamasında çətinlikləri mövcud idi. Yaşının çoxluğundan irəli gələn psixoloji baryer də komitədəki işini həddindən artıq yarıtmaz edirdi. Bunu nəzərə alıb Cəmil Hacıyevi vəzifəsindən azad etmişəm”.

S.Cəlaloğlu qeyd edib ki, Cəmil Hacıyevin yalnız mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəli qarşısında keçirilən aksiyada iştirakına görə partiyadakı vəzifəsindən çıxarılması haqda deyilənlər həqiqətə uyğun deyil: “Biz özümüz də Rəsulzadənin abidəsi qarşısında aksiya keçiririk. Sadəcə, partiyanın qərarı var idi ki, üzvlərimiz 28 may günü ilk olaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının şərəfinə qoyulan abidəni və ilk parlament binasını ziyarət etməlidir. Bundan sonra isə kimi harada iştirak etməsi sərbəstlik verilmişdi. Digər tərəfdən, siyasi cəhətdən savadlı olmaq, proseslərin mahiyyətinə varmaq lazımdır. Cəmil Hacıyevə dəfələrlə demişəm ki, öz üzərində çalış, siyasi cəhətdən bir qədər savadlan. O, İdarə Heyətinin qərarına da riayət etməyib. Hətta özbaşına başqalarını da partiyanın tədbirində iştirakdan çəkindirməyə çalışıb. Amma mən onu cavanlığına, siyasi savadsızlığına bağışladım. Özü başa düşməli idi ki, partiya sədrinin müavini, İdarə Heyətinin üzvü olaraq bütün qərarlara əməl etməlidir. Cəmil Hacıyev partiyadan qovula da bilərdi. Sadəcə, məsələnin şişirdilməsinin əleyhinə oldum. Onun düşünmək haqqı var. Ancaq partiya qanunlarına da riayət etmək vacibdir”.

ADP İdarə Heyətinin sabiq üzvü, partiyanın Gənclər Komitəsinin keçmiş sədri Cəmil Hacıyev isə APA-ya bildirib ki, təmsil olunduğu təşkilatın ən fəal üzvlərindən olub: “Mənim ADP-də tutduğum vəzifələrdən çıxarılmağım yaş senzi ilə bağlı olmayıb. Bu, yumşaq yola salmadır. O ki qaldı mayın 28-də partiyanın keçirdiyi tədbirdə iştirak etməməyimə, İdarə Heyətinin bu qərar verilən iclasına gec qatıldığım üçün bundan xəbərsiz olmuşam. Sonradan məlumatlı olsam da, bu tədbirin Ümid Partiyası ilə birgə keçirilməsinə etiraz etdim. Ümumiyyətlə, ADP-nin Ümid Partiyası ilə əlaqələrini düzgün saymıram və bunun partiyamızın imicinə mənfi təsir göstərdiyi qənaətindəyəm. Yəni müxalifətdə olduğunu deyən, lakin əməlində müxalifətçi olmayan partiya ilə ADP-nin əməkdaşlığının əleyhinə olduğum üçün Ümid Partiyası ilə birgə keçirilən tədbirə getmədim”.

C.Hacıyev qeyd edib ki, İctimai Palatanın indiyə qədər keçirilən tədbirlərinə ADP-nin qərarı ilə qatılıb: “Əslində mənə qarşı bu qərəz əvvəllər də olub. Dəfələrlə ADP Gənclər Təşkilatının seçkili orqan olması haqda təkliflərimiz rədd edilib. İdarə Heyətinin mənimlə bağlı məsələnin müzakirə olunduğu iclasında iştirakım təmin edilmədi. Sərdar Cəlaloğlunun imkanlarımın tükəndiyi haqda dedikləri səhvdir. Təəssüf edirəm ki, Demokrat Partiyasında demokratiya tapa bilmədim. Əlbəttə, öz səviyyəmdə buna cəhd etmişəm. Lakin göründüyü kimi, alınmayıb. ADP-də demokratiya yox, diktatura mövcuddur”.

Qeyd edək ki, ADP İdarə Heyətinin iyunun 3-də keçirilən iclasında partiyanın Gənclər Komitəsinin sədri Cəmil Hacıyev İdarə Heyəti üzvlüyündən və Gənclər Komitəsində tutduğu vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR