İran XİN rəhbəri: “Bu həftə Qərblə bəzi razılaşmaların əldə olunması mümkündür”

İran XİN rəhbəri: “Bu həftə Qərblə bəzi razılaşmaların əldə olunması mümkündür”
# 06 noyabr 2013 11:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Bu gün İran nüvə məsələsi ilə bağlı ABŞ-la deyil, “altılıq” ölkələri ilə müzakirələr aparır”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran “altılıq” ölkələri ilə apardığı nüvə müzakirələrində doğru taktika seçib: “Tənqid İran xalqı və millət vəkillərinin haqqıdır. Ancaq İran Xarici İşlər Nazirliyinin xarici siyasətdə izlədiyi siyasətin doğru olduğuna inanıram. Bu gün ölkənin xarici siyasətində də heç bir dəyişiklik baş verməyib. İran beynəlxalq sahədə daha ciddi rolunu ifa edəcək”.

M.C.Zərif deyib ki, İran ikitərəfli, regional və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi başda olmaqla bütün sahələrdə Avropa ölkələri ilə yaxından əməkdaşlığa hazırdır: “Ancaq İran xalqı və hökuməti bu gün Qərbin mövqe və davranışında bir dəyişiklik gözləyir. Qərbin İrandakı yeni dəyişikliklərə uyğun bir cavab verməsi lazımdır”.

İran XİN rəhbəri vurğulayıb ki, bu həftə Qərblə bəzi razılaşmaların əldə olunması mümkündür: “İranla “altılıq” ölkələri arasında noyabrın 7-8-də Cenevrədə keçiriləcək növbəti nüvə müzakirələri bəzi razılaşmalarla nəticələnə bilər. Ancaq əvvəlcədən belə bir şeyi deməyə ehtiyac yoxdur. İndiki görüşdə də razılaşa bilməsək, bu bir faciə olmayacaq. Çünki hələ qarşıda görüləcək çox iş var. İranda qarşı tərəfə böyük ölçüdə etimadsızlıq var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR